Xüsusi təyinatlı igid
Sosial həyat

Xüsusi təyinatlı igid

Vətən uğrunda ölməyi özünə şərəf bilib. "Əgər şəhid olsam başınızı dik tutun, şəhidlik hər kəsə nəsib olmur" deyib. Üç qız övladını həyat yoldaşına əmanət edib və Vətən uğrunda şəhid olmağı seçib. Gözündə qorxu olmayan, düşmənlə təkbətək qalıb onu məhv edən xüsusi təyinatlı şəhidimiz Elvin Kərimov 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub.

Unudulmaz qəhrəmanlıq yolu keçən igidlərimizdən olan xüsusi təyinatlı Elvinin şəhadət yolu Aprel döyüşlərindən başlayıb. Hələ o zamanlar döyüşlərin tez başa çatmasına təəsüflənən Elvin Qarabağ müharibəsinin başlanmasını səbirsizliklə gözləyirmiş. Çünki torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzusu olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elvin Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 10-da Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elvin Mürşüd oğlu Kərimov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".