Xüsusi təyinatlı komandir
Sosial həyat

Xüsusi təyinatlı komandir

Mənsub olduğu xalqın,  gəncliyin gücünü, ləyaqətini, qabiliyyətini, qəhrəmanlığını varlığında yaşadan, doğma yurdu, torpağı uğrunda savaşa atılan, düşməni əzən və məhv edən oğullarla fəxr edirik, polad biləkli igidlərlə həmişə qürur duyuruq.  Vətən müharibəsi qəhrəmanları haqqında düşünəndə bir hind filosofunun sözləri yadıma düşür: duyğularınıza diqqət edin- düşüncənizə çevrilir, düşüncənizə diqqət edin- fikrinizə çevrilir,  fikrinizə diqqət edin- nitqinizə çevrilir,  nitqinizə diqqət edin- hərəkətinizə çevrilir,  hərəkətinizə diqqət edin- xarakterinizə çevrilir,  xarakterinizə diqqət edin- taleyinizə çevrilir.   Çox dəyərli və qızıl kimi kəlamdır.

Əsl döyüşçü xarakteri nümayiş etdirən və o taleyi qürurla yaşayan oğullardan biri də xüsusi təyinatlı dəstənin komandiri Ələsgər Muxtarovdur.  Qəhrəmanımız Ağdam rayonunun Qızılı Kəngərli kəndində dünyaya göz açıb. Uşaqlığı və gəncliyi Xaçınçayın sahilində yerləşən doğma kəndində keçib.  

Vətən müharibəsində qazandığımız şanlı qələbədən doqquz aydan artıq vaxt keçməsinə baxmayaraq sevinc hissləri çöhrələrdən silinməyib.  Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı, düşmən tapdağı altında inildəyən torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu.

Haqq, ədalət uğrunda Vətən müharibəsi başlayanda daxili qoşunların xüsusi təyinatlı dəstələri ön cəbhədə düşmənə qarşı inadla, inamla döyüşüblər.  Mayor Ələsgər Muxtarovun komandiri olduğu “Əqrəb”xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları düşmənin başına sözün əsl mənasında, od ələyiblər, erməni işğalçılarına göz açmağa imkan verməyiblər.

Komandirin dəstəsi ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlib, keçilməz sədləri aşıb, dağları, dərələri keçərək düşmənə sarsıdıcı zərbələr endirib. Dəstənin hər bir üzvü qəhrəmanlıq və cəsurluq nümayiş etdirib. Belə bir kəlam var: əsl qəhrəmanın üstünlüyü ondadır ki, o, təhlükə ilə üz-üzə gələndə qorxu hissini boğub öldürür.

Xüsusi təyinatlı dəstə Cəbrayıl, Füzuli şəhərlərinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə əsl fədakarlıq və güclü döyüş hazırlığı ilə fərqləniblər. Qanlı döyüşlərdə dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olub.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olan “Əqrəb” xüsusi təyinatlı dəstənin komandiri, mayor Ələsgər Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Qarabağ”ordeni  ilə təltif edilib.

Qəhrəman bu günlərdə doğma rayonu Ağdama səfər edib,  həmyerliləri ilə həmsöhbət olub.  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 44 günlük Vətən müharibəsində böyük şücaət göstərmiş “Qarabağ” ordenli,   “Cəbrayılın azad olunmasına görə” və “ Şücaətə görə” medalları ilə təltif olunmuş mayor Ələsgər Muxtarovla  görüşüb.   Öz qəhrəman övladını bağrına basaraq onunla qürur duyan ağdamlılar  Qalib Ali Baş Komandan İlham Əliyevin parlaq qələbənin qazanılmasında göstərdiyi fədakarlığı yüksək qiymətləndiriblər, Ağdam şəhərində başlanmış geniş quruculuq işlərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

                                                   Salman ALIOĞLU,

                                                      “Respublika”.