XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış
Sosial həyat

XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış

Dekabrın 22-də UNICEF-in 75 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə "XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev nazirlik ilə UNICEF-in birgə əməkdaşlığı çərçivəsində icra olunan uğurlu layihələrdən danışıb. Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə təhsil sahəsində həyata keçirilən fəaliyyətlərə dair məlumat verib. Nazir qeyd edib ki, sürətlə dəyişən dünyada yaşayırıq. Həyatda uğurlu olmağın yolu düzgün bilik və bacarıqlara yiyələnməkdən əsaslı dərəcədə asılıdır. Elm və texnikanın sürətli inkişafı bilik və bacarıqların daim yenilənməsini tələb edir: "Çalışmalıyıq ki, bu gün şagirdlərimizə gələcəyin çağırışlarına uyğun biliklər verək. Bu günün şagirdlərinin əsas fəaliyyət dövrü 20-30 il sonraya təsadüf edəcək. Onları elə hazırlamalıyıq ki, gələcəyin tələb və təkliflərinə cavab verə bilsinlər".

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens Azərbaycanla qurulan əməkdaşlıqdan bəhs edib. Bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb. Ötən illər ərzində ən uğurlu əməkdaşlıqlardan biri Azərbaycanın Təhsil Nazirliyi ilə qurulub.

Aleks Haykens diqqətə çatdırıb ki, COVID-19 pandemiyası ilə əlaqədar təhsil sistemləri böhranla qarşılaşdı. Bu böhran dünyada 1,6 milyard şagirdə təsir etdi. Bunun uşaqlara, müəllimlərə, valideynlərə həm də psixoloji təsiri oldu. Ən yaxşı təhsil ənənəvi təhsildir: "Biz pandemiya dövründə bunu daha yaxşı anladıq. Sevindirici haldır ki, bu gün Azərbaycanda ənənəvi təhsil bərpa olunub. Pandemiya həm də müsbət təcrübələrlə yadda qaldı. Yeni hibrid təhsil modelləri yarandı. Bu modellərin bəziləri özünü doğrultdu. Günümüzün vacib məsələsi isə XXI əsrin tələblərinə uyğun məzmun üzrə bilik və bacarıqları düzgün müəyyənləşdirməkdir".

Tədbirdə Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədovun moderatorluğu ilə pandemiyanın təhsil sahəsinə təsirləri, təhsilin fasiləsizliyinin təmin olunması, uyğunlaşma qabiliyyəti və XXI əsrin çağırışları üçün lazım olan bacarıqlar mövzusunda panel müzakirəsi keçirilib.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, UNICEF-in Azərbaycanda təhsil üzrə mütəxəssisi Leyla Həsənova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Ceyran Cəfərova və "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirak etdiyi panel müzakirəsinə məktəb şagirdləri, peşə təmayüllü siniflərin şagirdləri, "SABAH" qruplarının tələbələri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri qatılıb. Panel müzakirəsində gənclərin bacarıqları ilə bağlı vəziyyət, COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə iş imkanları müzakirə olunub. Gələcək əmək bazarının tələblərinə uyğun olan bacarıqların əldə olunmasından bəhs edilib.

AZƏRTAC