Yaddaşlara əbədi həkk olunanlar
Sosial həyat

Yaddaşlara əbədi həkk olunanlar

Elvini orta məktəb yoldaşları həmişə xoş duyğularla xatırlayırlar. Diribaş, qanışirin uşaq olub. Yeniyetməlik illərindən sinəsi Vətən sevgisi ilə coşub-çağlayıb. Doğma Qarabağı erməni işğalçılarından xilas etmək, bu amal uğrunda döyüşlərə atılmaq ən böyük arzusu olub. Şirvandakı Mübariz İsrafilov adına 18 saylı Təbiət Humanitar təmayüllü orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. Orduda manqa komandiri kursunu bitirib, kiçik çavuş hərbi rütbəsinə yiyələnib, 4 dəfə tərifnamə ilə mükafatlandırılıb. Vətən müharibəsinin başladığı ilk günlərdə Ali Baş Komandan İlham Əliyevin alovlu çıxışından təsirlənərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şirvan şəhər şöbəsinə yollanıb, könüllü olaraq illərlə ürəyində bəslədiyi müqəddəs arzusuna qovuşub.

Elvin Şıxəliyevin hərbi təcrübəsini, döyüş qabiliyyətini yüksək qiymətləndirən komandanlığın əmri ilə ona taqım komandiri vəzifəsi tapşırılıb. Çətin döyüş yolu keçib. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə əsl qəhrəmanlıq, şücaət göstərib. Onun komandiri olmuş Vurğun Dadaşov Elvinin Cəbrayıl uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışır:

-Biz elə yüksək ərazidə döyüşürdük ki, təyyarə döyüşləri də bizdən aşağıda gedirdi. Elvin o çətin şəraitdə, qartal kimi döyüşüb şəhidlik zirvəsinə ucaldı.

İgid taqım komandiri 14 oktyabr 2020-ci ildə Hadrut istiqamətində “Purlan” zirvəsi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandanın sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün xalqımız “Şəhidlər ölməz, Vətən bölünməz” devizi ilə müharibədə canından keçən igid oğullarımızın xatirəsini əziz tutur. Şəhid Elvin Şıxəliyevin doğum gününə həsr olunmuş anım mərasimi də ona hörmət-ehtiram əlaməti idi. Mərasimdə Şirvan şəhər ictimaiyyətinin nümayəndələri, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsinin əməkdaşları, şəhidin dostları, qohumları iştirak edirdilər. Öncə Şəhidlər xiyabanında Elvinin məzarı ziyarət olundu. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbədən danışıb, döyüşlərdə şəhid olmuş oğullarımızın xatirəsinin dövlətimiz tərəfindən daima əziz tutulacağını dedi. İcra başçısı şəhidin atasına igid oğul böyütdüyü üçün təşəkkürünü bildirdi.

Tədbir iştirakçıları Elvinin yaşadığı məhəllədə xatirə lövhəsinin açılışına toplaşdılar. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva bir daha Elvinin döyüş yolundan danışıb əldə olunan Qələbənin xalqımıza böyük qürur və şərəf gətirdiyini deyib, şəhidlərə Allahdan rəhmət diləyib. Elvinin döyüş yoldaşı Ellər Fərəcov müharibə xatirələrindən danışdı. Aynur Fərzəliyeva şəhidin atası Sarvan Şıxəliyevlə birlikdə xatirə lövhəsini açdılar. Şəhər icra hakimiyyəti tərəfindən şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim olundu.

Gül-çiçəyə bürünən xatirə lövhəsi axşamlar da lampalarla bəzədilmiş işığa qərq olur.

Tədbirin sonunda Elvinin valideynləri şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğulların xatirəsini əziz tutduqlarına görə dövlət başçımız cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.