Yaddaşlarda həmişə qəhrəman gənc qalacaq
Digər xəbərlər

Yaddaşlarda həmişə qəhrəman gənc qalacaq

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Neçə-neçə igid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

Axundzadə Kənan Hamil oğlu 2 avqust 1994-cü ildə Lənkəranın Girdəni kəndində anadan olub. 2001-2012-ci illərdə şəhid Məhəmməd Bağırov adına Girdəni kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra səhhətində yaranmış problemlərlə əlaqədar hərbi xidmətə aparılması təxirə salınsa da Kənan tezliklə bunu aradan qaldıraraq yenidən müraciət edir və 2012-ci ildən Murovda "N" saylı hərbi hissədə xidmətə başlayır. 2014-ci ilin oktyabr ayında Kənan həqiqi hərbi xidmətini başa vuraraq doğulub boya-başa çatdığı Girdəni kəndinə dönür. Ailəyə maddi kömək etmək məqsədilə müxtəlif yerlərdə işləyərək əmək fəaliyyəti ilə məşğul olur. 2020-ci ilədək müxtəlif işlərdə çalışır. Hərbiyə marağından 2020-ci ildə 20 gün kurs keçdikdən sonra sentyabrın 10-da MAHHXQ vəzifəsində Füzuli rayonunda xidmətə başlayır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılır. 44 günlük Vətən muharibəsində 33 gün Füzulinin, Qubadlının, Zəngilanın azad olunmasında qəhrəmancasına döyüşür. 2020-ci il 31 oktyabr... Xocəvəndin Qırmızı Bazar yüksəkliyində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Noyabrın 1-də Girdəni kəndində el qəbiristanlığında atasının yanında canı qədər sevdiyi torpağa tapşırılır.

Vətən müharibəsinin ilk günlərindən Kənan öz cəsurluğu ilə seçilib. Kənanın döyüşçü yoldaşları onu "Rembo" ləqəbi ilə çağırırmışlar. Döyüşçü yoldaşları deyirlər ki "biz sağ qalmışıqsa Kənanın sayəsində qalmışıq...". Komandirlərindən birinin dediyinə görə, oktyabr ayının 30-u döyüşün ən qızğın vaxtında, Kənan səngərdən çıxaraq düşmənin üzərinə yeriyərək, bir neçə düşmən əsgərini məhv edib. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən və sinəsindən güllə yarası alaraq şəhidlik mərtəbəsinə yüksəlib. Axundzadə Kənan Hamil oğlu Vətən yolunda sinəsini sipər etməklə Azərbaycan gəncliyinə nümunə oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənan Hamil oğlu Axundzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə gorə" və "Xocavəndin azad edilməsinə gorə" medalları ilə təltif edilib.

Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında qəhrəman gənc kimi yaşayacaq.

Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Kənan cəsurluğu ilə düşmənə meydan oxuyaraq şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

İllər keçəcək, bizim kimi gələcək nəsillər də şəhidlərimizi minnətdarlıq hissilə yad edəcəklər.

Müşfiq MİRZƏ,

"Respublika".