Yaddaşlarda yaşayanlar
Sosial həyat

Yaddaşlarda yaşayanlar

İgid oğullarımızın qanı və canı bahasına tarixi ədalət qələbə çalıb və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Cəsarətlə demək olar ki, öz tarixində ilk dəfə olaraq  Azərbaycan  bütün dünyaya hərbi gücünü göstərdi, xalqımızın iradəsini nümayiş etdirdi. Bir daha bütün dünya gördü ki, Azərbaycan qələbəyə və şərəfə qadir bir ölkədir.

İgidlərimiz ən keçilməz sədləri aşaraq, düşmən ordusunu darmadağın edərək işğalçılara ağır zərbələr vurub. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər tarixini yazıb. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırıblar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub.

Vətən uğrunda, torpaqlarımızın işğalçılardan azad edilməsi üçün döyüşlərə atılan gənclərdən biri də Adəm Əmirovdur. Adəm 1999-cu il avqustun 26-da Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. Kənd orta məktəbini bitirib. Öz həmvətənlərinə qarşı törədilən hərbi təcavüz onun uşaq dünyasına kədərli bir iz salıb. Ermənistanın törətdiyi Xocalı faciəsinin dəhşətlərini valideynlərindən eşidib, düşmənə qarşı nifrət onu hərbçi olmağa vadar edib.

Adəm 2017-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. “N”saylı hərbi hissədə Vətən qarşısında xidmətə başlayıb. İlk günlərdən nümunəvi əsgər kimi tanınıb, hərbi tapşırıqları məharətlə yerinə yetirib. Adəm hərbin sirlərinə yiyələnmək üçün çalışıb, komandirlərinin tövsiyələrinə ciddi əməl edib. Silahlı qüvvələrin sıralarından 2019-cu ildə tərxis olunub. Müddətdən artıq xidmət etmək üçün müraciət edib. Adəmin müraciəti müsbət qarşılanıb. 2020-ci il iyul ayının 15-də müddətli hərbi xidmətə başlayıb.

Hərbi texnika heyətində tuşlayıcı olub. Qoçaqlığı, dəqiq atəş açmağı nəticəsində manqa komandiri təyin olunub. Müharibə başlayan gündən qızğın döyüşlərdə iştirak edib. Dəqiq və sərrast atəş ilə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Zəfər Qələbəsini sevinclə qarşılayıb.Təəssüf ki, bu sevinci uzun müddət yaşamaq Adəmə qismət olmayıb. 2020-ci il noyabrın 15-də Ağdam istiqamətində həlak olub.

Şəhid Adəm Əmirov Ağdam rayonunda dəfn olunub.Vətən müharibəsinin qəhrəmanı Adəm Əmirovun yurd sevgisi,torpaq məhəbbəti onun qısa, lakin şərəfli ömrünün mənasıdır. Adəm Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Adınız uca məkanda əbədi yer tutub, şəhid qanınız Vətənə şərəf gətirib, qəhrəmanlığınız heç zaman unudulmayacaq! Ruhunuz şad olsun, şəhidlər!

                                                     Salman ALIOĞLU,

                                                        “Respublika”.