Yanvar-aprel aylarında  yüksək   əmlak   göstəriciləri
İQTİSADİYYAT

Yanvar-aprel aylarında  yüksək   əmlak   göstəriciləri

2023-cü ilin ilk 4 ayı ərzində 179.416 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir   ki, qurum  tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. 2023-cü ilin yanvar-aprel ayları ərzində 179.416 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 faiz çoxdur.

Cari ilin ilk 4 ayı ərzindəki göstəricinin 27.980-i (15,6 faiz) ilkin, 151.436-sı (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ilkin qeydiyyat 6,2 faiz artıb.

2023-cü ilin ilk 4 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.623-ü fərdi yaşayış və bağ evi, 29.834-ü mənzil, 130.282-si torpaq sahəsi, 1015-i qeyri-yaşayış binası, 2409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30.829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Bu ilin ilk 4 ayında 149.541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 76,2 faiz çoxdur. 2023-cü ilin yanvar-aprel ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 24.769 olub.

Nəriman CAVADOV,

“Respublika”.