YAP Kəlbəcər rayon təşkilatının X hesabat konfransı keçirilib
Region

YAP Kəlbəcər rayon təşkilatının X hesabat konfransı keçirilib

Avqustun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov bildirib ki, IX konfransdan ötən dövrdə 254 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub və hazırda partiya üzvlərinin ümumi sayı 4309 nəfərdir. Partiya üzvlərinin 1917 nəfəri gənclərdən, 1749 nəfəri isə qadınlardan ibarətdir. Gənclərin sayının daha çox olması bir daha onu göstərir ki, YAP gələcəyin və gəncliyin partiyasıdır.

Tarixi Zəfərimizdən bəhs edən Akif Əsgərov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız Qələbə hər birimizdə böyük qürur hissi yaratmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərində fəal iştiraka səsləyir. Kəlbəcər rayonu tarixi sahibinə qayıtmaqla bu gün yeni həyatını yaşayır.  YAP Kəlbəcər rayon təşkilatı hər zaman olduğu kimi, bu gün də partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük addımlarla  irəliləyir.

Sonra Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Ramil Salmanovun hesabatı dinlənilib.

Müzakirələr zamanı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov, rayon təşkilatının Şura üzvü Şəlalə Məmmədova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin proqram xarakterli, müasir dövrün tələblərini, 44 günlük Vətən müharibəsində Zəfərimizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi hər bir partiya üzvünün qarşısında yeni vəzifələr qoydu.

2020-ci ilin tariximizə Zəfər ili kimi daxil olduğunu qeyd edən Ə.Tağıyev Ağdam, Kəlbəcər və Laçın rayonlarının siyasi yolla azad edilməsini Azərbaycanın böyük siyasi uğuru kimi dəyərləndirib. Qeyd edib ki, 44 gündə nəinki 30 ilə, əsrlərə sığmayan Zəfər qazanılıb.

Ə.Tağıyev YAP Kəlbəcər rayon təşkilatına gələcək fəaliyyətində uğurlar, növbəti konfransın Kəlbəcərdə keçirilməsini arzulayıb.

Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

AZƏRTAC