YAP Mərkəzi Aparatında “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli
Sosial həyat

YAP Mərkəzi Aparatında “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli" mövzusunda konfrans keçirilib

Fevralın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları YAP Mərkəzi Aparatının foyesində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanda dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, gənclik enerji, təşəbbüskarlıq, yaradıcılıq və yenilikçilik deməkdir. Dünya təcrübəsi göstərir ki, tarixi ənənələri, mütərəqqi dəyərləri mənimsəmiş, milli ideologiya ətrafında sıx birləşmiş, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmuş - yetişmiş gənclik inkişaf mənbəyidir. Çünki cəmiyyətin dinamik və aparıcı qüvvəsi olan gənclərin fiziki və mənəvi potensialından səmərəli, məqsədyönlü şəkildə istifadə edilməsi həm milli tərəqqiyə mühüm töhfə verir, həm də parlaq perspektivlər formalaşdırır. Burada əsas strateji məqam dövlətin uğurlu, milli maraqlara və müasir çağırışlara əsaslanan gənclər siyasəti həyata keçirməsidir. Onun sözlərinə görə, XX əsrin 90-cı illərinin əvvəlindən bu günə qədər dünyanın ictimai-siyasi mənzərəsinə nəzər saldıqda müxtəlif ölkələrdə çoxsaylı kataklizmlərin, qarşıdurma və ziddiyyətlərin baş verdiyini görürük. Təbii ki, siyasi, iqtisadi, sosial və digər amillərlə əlaqədar baş verən bu hadisələr - cərəyan edən proseslər bir çox hallarda həmin xalqlar üçün çox ağır fəsadlara səbəb olur, ölkələr uzun müddət xaos və anarxiya məkanına çevrilir. Belə konfrontasiyaların meydana çıxmasında, eyni zamanda, bəzi xarici güc mərkəzlərinin təhriki və təşviqi də xüsusi rol oynayır. Həmin qüvvələr müxtəlif vasitələrlə təsir altına saldıqları gənclərdən də ölkələrin milli maraqlarına qarşı istifadə edirlər. Təbii ki, cəmiyyətdə ideoloji boşluqların hökm sürməsi, gənclərin milli ruhda, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmamaları xarici qüvvələrin müdaxiləsini asanlaşdıran neqativ amil kimi çıxış edir. Xalqımızın xoşbəxtliyi ondadır ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub, bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir.

"İnkaredilməz həqiqətdir ki, Azərbaycanda uğurlu - tarixi ənənələrə, ictimai və milli dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına, reallıqlarına uyğun gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir", - deyən YAP Sədrinin müavini qeyd edib ki, Ulu Öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırıb, demokratik inkişafı təmin etməklə gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirib: "Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi müdrik dövlət xadiminin və Azərbaycan dövlətinin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz təzahürü - əyani göstəricisidir. Bununla yanaşı, Heydər Əliyevin 1999-cu il iyulun 29-da "Dövlət gənclər siyasəti haqqında" Fərman imzalaması respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait və imkanların genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olub. Bütövlükdə, Ulu Öndərin gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati-hüquqi əsasların formalaşdırılması yönündə atdığı addımlar Azərbaycanın inkişafına, yeni cəmiyyət, hüquqi dövlət quruculuğuna töhfə olub.

Ümummilli Liderimiz qeyd edirdi ki, hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Məhz Heydər Əliyevin siyasəti nəticəsində öz xalqının ali mənafeyini, dövlətinin strateji maraqlarını düşünən - nəzərə alan, öz fəaliyyətində rəhbər tutan mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyi formalaşıb. Heç şübhəsiz, ulu öndər Heydər Əliyevin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri üçün ən böyük miraslarından biri siyasi varisliyi təmin etməsidir. O, özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider - şəxsiyyət yetişdirməklə dövlətçilik tariximizin ən böyük xidmətlərindən birini göstərib. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulub. Dövlət başçısının gənclər siyasəti isə milli tərəqqiyə təkan verən çox mühüm amillərdən biri olub".

Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2007-ci ilin "Gənclər İli" elan edilməsi, bu istiqamətdə mühüm addımların atılması - çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub, növbəti illər üçün zəngin təcrübə və ənənələr formalaşdırıb. Bununla yanaşı, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul və dayanıqlı zəmin yaradıb. Digər tərəfdən, dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilati-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə, Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm qərarlar verib, fərman və sərəncamlar imzalayıb. "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" Dövlət Proqramı, "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" və digər bu kimi sənədlərin qəbul edilməsi isə gənclər siyasətinin səmərəliliyinin artırılmasına, bu yenilikçi və aparıcı qüvvənin potensialının Azərbaycanın inkişafına yönləndirilməsinə yeni və daha geniş imkanlar yaradıb.

"Ən mühüm məqamlardan biri odur ki, gənclər Prezident İlham Əliyevin islahatlar kursunun çox mühüm qüvvəsini təşkil edir. Daha dəqiq desək, dövlət başçısının kadr islahatları, gənclərə müxtəlif vəzifələrdə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılması Azərbaycanın inkişafının sürətlənməsini və milli gücünün artmasını şərtləndirir", - deyən Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına - gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında yetişməsinə, müxtəlif sahələrdə böyük uğurlar qazanması və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsinə fundamental töhfə olub: "Onu da qeyd etmək istəyirəm ki, ölkəmizdə könüllülər hərəkatının geniş vüsət alması gənclər siyasətinin səmərəliliyinin artması baxımından olduqca önəmlidir. Dövlət başçısının müvafiq Sərəncamı əsasında 2020-ci il "Könüllülər İli" elan edilib və genişmiqyaslı tədbirlər, səmərəli fəaliyyət nəticəsində Azərbaycanda könüllülük artıq bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata, gənclərin həyat tərzinə çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın ayrı-ayrı sahələrinə yayılaraq cəmiyyətimizin müxtəlif təbəqələrini əhatə edir. Şübhəsiz ki, könüllülük hərəkatı gələcək üçün sərmayədir.

Sadalananlardan əlavə, həm Prezident İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın idmanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmaları sağlam gəncliyin inkişafına xidmət edən çox mühüm amillərdəndir. Respublikamızda idmanın maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, idmançıların sosial-məişət məsələləri həll edilir və bu sahədə mütərəqqi təcrübə tətbiq olunur. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, gənclərimiz mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək üçrəngli bayrağımızın ən yüksək zirvədə dalğalanması şərəfinə və uğuruna nail olurlar.

Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçərək möhtəşəm nailiyyətlər qazanan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir - böyük önəm verir, gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. Ümumiyyətlə, partiyamızın siyasi dinamizmini təmin edən amillərdən biri uğurlu gənclər siyasətinin reallaşdırılması, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir. Bunun nəticəsi özünü gənclərin Yeni Azərbaycan Partiyasına daimi və sürətli axınında göstərir. Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir".

Bildirilib ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiyamız tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə vacib töhfələr verir. Dünya azərbaycanlılarının, o cümlədən mütərəqqi qüvvə olan gənclərin də milli ideologiyanı əxz edərək yüksək vətənpərvərlik nümayiş etdirməsində YAP-ın bu istiqamətdə məqsədyönlü fəaliyyətinin müstəsna rolu var. Bu, həmçinin Azərbaycanın sabitlik adası və təhlükəsizlik məkanı kimi sürətli və dayanıqlı inkişafına etibarlı zəmin yaradır. Əlbəttə, yenilikçi və fəal qüvvə olan, daim irəliyə baxan və perspektivi düşünən təbəqənin - sağlam düşüncəli gənclərin vahid seçiminin Yeni Azərbaycan Partiyası olması təsadüfi deyil. Çünki vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bu günü olduğu kimi, gələcəyi - aydın sabahı və parlaq perspektivi olduğunu da öz əməli fəaliyyəti ilə sübuta yetirib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.

"Prezident İlham Əliyev gənclərə xitabən "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyə qətiyyətlə vurğulayıb. Reallıqlar birmənalı şəkildə təsdiqləyir ki, Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını yüksək səviyyədə və inamla yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, Onun siyasətinə prinsipial dəstək ifadə edir. Sevindirici və təqdirəlayiq haldır ki, Heydər Əliyev ideyalarını dərindən mənimsəyən, milli məfkurəmiz olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşən gənc nəslin nümayəndələri qüdrətli Azərbaycan dövlətinin sağlam düşüncəli vətəndaşları kimi ölkəmizin inkişafına mühüm töhfə verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edirlər. Və əminliklə söyləmək olar ki, qüdrətli və nüfuzlu Azərbaycan Böyük yolun Müzəffər davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq - yeni strateji zirvələr fəth edəcək, mütərəqqi Azərbaycan gəncliyi isə qalib və güclü dövlətin vətəndaşları kimi səmərəli fəaliyyət göstərərək öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, milli tərəqqiyə mühüm töhfə verəcəklər!", - deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, könüllülük nəcib xüsusiyyət kimi xalqımızın mental dəyərlərindəndir. Müstəqillik illərində də gənclərimiz könüllü şəkildə müxtəlif sahələrin inkişafına töhfələr veriblər. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclərimiz dövlət quruculuğu prosesində fəal iştirak etdilər.

Ü.Mehdiyev qeyd edib ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan bu fəaliyyətin təbliğində və inkişafında özünəməxsus rol oynayır. "ASAN xidmət"in yaradılması ilə ölkəmizdə könüllülük hərəkatı böyük vüsət almağa başladı. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücünün məhz gənclər olması sirr deyil. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olmasına diqqət ayıran Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Hazırda "ASAN xidmət"in 28 mindən çox könüllüsü var. Bu gün "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Eləcə də digər qurumlarda da könüllülər çalışırlar. O cümlədən könüllülük hərəkatında fəal iştirak edən YAP üzvü olan gənclər kifayət qədərdir.

Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyətinin olduğunu deyən Ü.Mehdiyev qeyd edib: "Azərbaycanda könüllülər hərəkatı ölkəmizdə keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərdə əhəmiyyətli fəaliyyəti ilə seçilib. Belə təcrübələr həm də gənclərin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Mən gənclərimizi daha da fəal olmağa, könüllülük hərəkatına qoşulmağa çağırıram".

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında keçirilmiş Azərbaycan Gənclərinin I Forumu barədə xatirələrini bölüşüb. O, Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan bəhs edib, təhsilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb. Nazir müavini bildirib ki, Ulu Öndərimizin dediyi kimi, təhsil millətin gələcəyidir. Bu gün təhsilimizin davamlı inkişafı Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir.

Cəmiyyətin inkişafında təhsilin böyük əhəmiyyətə malik olduğunu deyən F.Qurbanov diqqətə çatdırıb: "Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Bu mənada gənclərin yüksək təhsil alması, yüksək bilikli vətəndaş kimi formalaşması onların dayanıqlı inkişafında mühüm rol oynayır. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun bərpa olunması müsbət nəticələrini göstərəcək. Biz gənclərimizin Vətən müharibəsindəki şücaətinin şahidi olduq. Bu, o deməkdir ki, Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşıb".

Nazir müavini elm və təhsilin hər bir dövlətin və cəmiyyətin inkişafında mühüm amil olduğunu vurğulayaraq deyib: "Bu gün Azərbaycan dövləti gənclərin yüksək təhsil alması üçün bütün lazımi addımları atır. Xüsusilə təhsilimizin maddi-texniki bazasının gücləndirilməsi, dünya təhsilinə inteqrasiyası istiqamətində sistemli tədbirlər həyata keçirilir. Gənc nəslin yüksək biliklərə sahib olması, vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və s. addımlar bu qəbildəndir. Gəncliyin inkişafı istiqamətində müxtəlif dövlət proqramları da icra olunub. Məsələn, 2007-2015-ci illəri əhatə edən Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı çərçivəsində 3558 gəncimiz 32 ölkənin 350 nüfuzlu ali məktəblərində təhsil aldılar. Həmin gənclərin böyük əksəriyyəti yüksək biliklərə sahib olan mütəxəssislər kimi dövlət və özəl sektorda çalışırlar. Bir məlumatı da diqqətinizə çatdırım ki, gənclərimizin xaricdə magistratura təhsili ilə bağlı yeni dövlət proqramı da hazırlanır. Həmin proqram 2022-2026-cı illəri əhatə edəcək. Bu proqramların məqsədi Azərbaycan gəncliyinin müasir biliklərə sahib olmasıdır".

O, Azərbaycanın gələcək inkişafı naminə müasir biliklərə yiyələnməyin, milli dəyərləri qorumağın, vətənpərvər olmağın gənclərimizin başlıca vəzifələrindən olduğunu diqqətə çatdırıb. Nazir müavini bu istiqamətdə gənclərə öz tövsiyələrini verib.

Konfransda çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, bu gün Azərbaycanda yeni bir nəsil formalaşıb. "Biz artıq 25 ildir Azərbaycanda Gənclər Gününü qeyd edirik. Bu, Ulu Öndərimizin gənclərə bir töhfəsidir. Ulu öndər Heydər Əliyev müdrik siyasi xadim, xalqını və millətini sevən böyük rəhbər kimi hər zaman Azərbaycan gəncliyinin inkişafının dəstəklənməsini ən başlıca prioritet hesab edib. Hətta ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ilk görüşlərdən birini məhz gənclərlə keçirdi, yaratdığı ilk qurumlardan biri də Gənclər və İdman Nazirliyi oldu. Bu, onu göstərir ki, gəncliyin inkişafı Ulu Öndərimizin zamanından həmişə dövlətin ən başlıca prioritetlərindən biri olub", - deyə nazir müavini bildirib.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev hazırda bu siyasəti uğurla davam etdirir, bu siyasət daha geniş vüsət alıb, müasir dünyanın çağırışlarına cavab verir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycanın gənclər siyasəti dünyanın bir çox ölkələri üçün qabaqcıl nümunədir və artıq bu nümunə öyrənilir. Dövlətimiz gənclər üçün bütün imkanları yaradıb. Gənclərimiz bu imkanlardan yararlanmalıdırlar. Nümunə olaraq Gənclər Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. Fond fərdi şəkildə gənclərin təqdim etdiyi layihələri qiymətləndirir. Bunun nəticəsində bir çox gənclərimizin bacarıqlarının şahidi olmuşuq. Eyni zamanda, biz 44 günlük Vətən müharibəsində gənclərimizin qəhrəmanlığının, şücaətinin şahidi olduq. Biz belə gəncliklə qürur duyuruq.

Konfransda çıxış edən Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusilə gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Zəfərin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb. Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezident İlham Əliyevin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət Himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir.

A.Mirzəyev qeyd edib ki, qazanılan Qələbə milli potensialımızı üzə çıxardı: "44 günlük Vətən müharibəsində qazandığımız Zəfər milli birliyimizin qələbəsidir. Azərbaycan gəncləri bu gün də öz missiyasını şərəflə davam etdirir, Vətənimizin keşiyində dayanırlar".

Konfransda yekun nitq söyləyən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan gəncliyinin uğurlarının bundan sonra da davam edəcəyinə əminliyini söyləyib. O, 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək gənclərimizə müstəqil ölkəmizin inkişafı naminə fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Konfransda Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclər müxtəlif nominasiyalar üzrə YAP tərəfindən diplomlar və müvafiq qurumlar tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Sonra "Azərbaycan gəncliyi üçün yeni çağırışlar: Əsas prioritetlər" mövzusunda panel iclası keçirilib.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin moderatorluğu ilə keçən panel iclasında Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə çıxış ediblər. Çıxışlarda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından bəhs olunub.

AZƏRTAC