YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib
Digər xəbərlər

YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib

İyunun 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə Azərbaycana səfərinin önəmindən bəhs edib. Şuşa şəhərində bu əlamətdar hadisə ilə bağlı keçirilən beynəlxalq konfransda iştirakdan məmnunluğunu ifadə edən qonaq tarixi türk torpağı olan Şuşanın erməni işğalından azad edilməsinin sevincini bir daha yaşadığını söyləyərək bildirib: "Şuşa erməni işğalında olduğu zaman işğalçı ermənilər Cıdır düzündə rəqs edərkən onlara "sevinməyin" dedik. Qəhrəman Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra isə ermənilər kədərləndi. Bu dəfə onlara "kədərlənməyin" dedik. Çünki bu torpaq ermənilərin deyil. Şuşaya onun sahibləri qayıtdı. Tarix, mədəniyyət beşiyi olan Şuşada səfərdə olarkən bu düşüncələri bir daha yaşadıq. Qarabağ zəfəri bütün Türkiyəni sevincə qərq etdi. Torpaqların işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Efkan Ala bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq illər keçdikcə daha da dərinləşib, güclənib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağı işğaldan azad etdiyi 44 günlük müharibə zamanı Türkiyənin həm dövlət, həm də millət olaraq azərbaycanlı qardaşlarımıza verdiyi dəstək və sonrakı əməkdaşlığımız sayəsində Türkiyə-Azərbaycan münasibətləri yeni müstəviyə qədəm qoyub. Bu çərçivədə müharibədən sonrakı dövr ərzində Azərbaycanın azad edilən Qarabağ bölgəsinin abadlaşdırılması, yenidən qurulması yolunda Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövqeyi dəfələrlə bəyan edib. İndiyə qədər iki qardaş ölkə birgə önəmli layihələr gerçəkləşdirib. Buna nümunə kimi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini və digər layihələri göstərə bilərik. Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdırmışıq. Amma hədəfimiz bu göstəricini 15 milyard dollara və daha yüksəyə qaldırmaqdır. Partiyalarımızın münasibətlərinə gəlincə, biz ötən il əməkdaşlıq protokolu imzalamışıq və YAP-la AK Parti arasında çox güclü əlaqələr qurulub. Bu münasibətlər iki dövlətin tək milləti olaraq irəliyə doğru addımlamasında təkanverici qüvvə olacaq.

Qonaqları və tədbir iştirakçılarını salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb. Deyib ki, Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə gerçəkləşən səfər bir daha iki ölkənin qardaşlığının parlaq nümunəsidir. "İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçirilməsi və bu konfransda Türkiyədən böyük nümayəndə heyətinin təmsil olunması da qardaşlıq əlaqələrimizin daha bir xüsusi göstəricisidir. Xalqlarımız Türkiyə ilə Azərbaycanı bağlayan birgə mənəvi dəyərləri qoruyaraq daim bir yerdə olublar. Qeyd etdiyim konfrans "Şuşa İli"ndə, 15 İyun - Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalandığı tarixdə gerçəkləşdi. Bu üç tarixi hadisə fonunda belə bir konfransın təşkil olunması həm rəmzi məna daşıyır, həm də birliyimizin növbəti ifadəsidir. Tədbirdə AK Parti Sədrinin birinci müavini, Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın başçılıq etdiyi böyük nümayəndə heyətinə Türkiyənin rəsmi şəxsləri, AK Partinin və Milliyyətçi Hərəkat Partiyasının rəhbər şəxsləri, eləcə də elm adamları və digər nüfuzlu şəxslər daxil idi. Mən konfransda iştirak edən Türkiyə nümayəndə heyətinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanda fəaliyyət göstərən 33 siyasi partiyanın sədri iştirak etdi. Bu fakt ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyanın göstəricisi olmaqla yanaşı, ümummilli məsələlərdə həmrəyliyimizin nümunəsidir", - deyə T.Budaqov qeyd edib.

YAP Sədrinin müavini bu gün regionda və beynəlxalq miqyasda mühüm reallıqlardan birinin Azərbaycan-Türkiyə münasibətləri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-Türkiyə bütün dünya üçün örnəkdir. Bu, inkaredilməz bir həqiqətdir. Çünki bu iki dövləti bir-birinə yaxınlaşdıran və bağlayan təkcə güclü strateji tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda, tarixi bağlılığımız, dostluq və qardaşlıq əlaqələridir. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Hər iki ölkənin milli maraqlarının, strateji mənafelərinin qorunması üçün bir-birinə güclü dəstək nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır.

"Təqdirəlayiq haldır ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır. Xüsusilə də ötən il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il ərzində böyük işlər görülüb və bu, iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir", - deyən YAP Sədrinin müavini xüsusi vurğulayıb ki, qarşıda dayanan hədəflərə çatmaq üçün prezidentlərimiz İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ortadadır.

Qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin böyük rolu var. "Əminliklə söyləmək olar ki, partiyalarımız arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ötən ilin iyun ayında YAP və AK Parti arasında Əməkdaşlıq Protokolu imzalanıb. Əməkdaşlıq Protokolunun imzalanmasından sonra qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və biz ortaq hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətimizi ardıcıl olaraq davam etdiririk. Eləcə də AK Partinin nümayəndə heyətinin də ölkəmizə səfərlər etməsi əməkdaşlığın inkişafına töhfələr verib. Bunlarla yanaşı, hər iki partiyanın birgə təşkilatçılığı ilə konfransların keçirilməsi Azərbaycan ilə Türkiyənin milli maraqlarına dair məsələlərdə faydalı və əhəmiyyətli, müzakirələrin aparılması, təmasların sıxlaşdırılması və münasibətlərin inkişafı baxımından çox önəmlidir. Bu tədbirlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin daha da gücləndirib. Şübhəsiz ki, siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi uğurla davam etdirəcəyik", - deyə Tahir Budaqov vurğulayıb.

Daha sonra jurnalistlərin sualları cavablandırılıb. Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il ərzində görülən işləri dəyərləndirən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala bildirib ki, iki ölkə liderinin imzaladığı Şuşa Bəyannaməsindən sonra ölkələrimiz arasındakı münasibətlərdə yeni dövr başladığı kimi, Qafqazda da yeni sülh perspektivi meydana gəlib. Yəni, bu sənəd təkcə Azərbaycanla Türkiyə üçün yox, bütün region üçün faydalıdır. Uzun zaman davam edən işğala son qoyulması və beynəlxalq hüquqdan irəli gələrək Azərbaycanın Qarabağı işğaldan azad etmək istiqamətində keçirdiyi əməliyyat Zəfərlə nəticələndikdən sonra yeni dövrün başladığını hamımız görürük. Bu dövrün bundan sonrakı əsası Qafqazda sülhün bərqərar olmasıdır. Bu addımın atıla bilməsi üçün Türkiyə ilə Azərbaycan önəmli təşəbbüslərlə çıxış edir. Eyni zamanda, bölgədə, həm Ermənistan, həm Gürcüstan, həm Rusiya, həm də İranla bütün sahələrdə əməkdaşlıq üçün yaxşı format təklif edilib. Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edir. Çünki hər kəs bilir ki, Azərbaycanın "yox" deyəcəyi işə biz də əvvəldən yox demişik, "hə" deyəcəyi işlərə də "hə" demişik. Bunun üçüncü variantı yoxdur. Biz heç kimin zərər çəkəcəyi siyasət aparmırıq, hər kəsin faydalanacağı birlik içərisindəyik.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə "Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə YAP və AK Partinin birgə layihələrinin həyata keçirilməsi nəzərdə tutulurmu" sualına cavab olaraq bildirib ki, bu əlamətdar hadisə ilə bağlı müxtəlif tədbirlər keçiriləcək. Həmin tədbirlərdə Türkiyədən, o cümlədən AK Partidən böyük nümayəndə heyətinin iştirak edəcəyini gözləyirik. Eyni zamanda, beynəlxalq müstəvidə birgə fəaliyyət göstərməyimiz də sıx əməkdaşlığımızın nümunəsidir. Birgə layihələrimiz bununla yekunlaşmır. Həmçinin, bu il biz digər ölkələrin, xüsusilə türk dövlətlərinin siyasi partiyaları ilə əlaqələri gücləndirmək istiqamətində yeni addımlar atmağı nəzərdə tuturuq. Bütövlükdə, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

AZƏRTAC