YAP Mərkəzi Aparatında
Digər xəbərlər

YAP Mərkəzi Aparatında "Xalqın inamının və etibarının təcəssümü" adlı konfrans keçirilib

Noyabrın 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Veteranlar Şurasının təşkilatçılığı ilə partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş "Xalqın inamının və etibarının təcəssümü" adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Veteranlar Şurasının üzvləri, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının, eləcə də Abşeron rayon və Sumqayıt şəhər təşkilatlarının fəalları iştirak ediblər.

Konfransda Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, hazırda 760 min nəfərdən çox üzvü olan partiyamız ötən 29 ildə şərəfli yol keçib. Respublikamızın tarixində YAP qədər böyük, güclü partiya olmadığını deyən A.Rəhimzadə vurğulayıb ki, partiya Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır.

"Partiyamız öz gücünü ulu öndər Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlərə imza atır. Veteranlar Şurasının üzvləri olaraq biz partiyamızın yaranma tarixini, keçdiyi yolu gənc nəslə çatdırmalıyıq. Bu baxımdan, üzərimizə böyük vəzifələr düşür", - deyə YAP Veteranlar Şurasının sədri vurğulayıb.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü Şəmsəddin Xanbabayev bildirib ki, müstəqilliyimizin ilk illərində YAP-ın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız ümummilli lider Heydər Əliyevi xilaskar kimi görürdü. 1992-ci il noyabrın 21-də yaranan partiya ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Ş.Xanbabayev, həmçinin bu il YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların və partiyada həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü professor Ədalət Fərəcov da çıxışında partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan bəhs edib. O qeyd edib ki, 1990-cı illərdə mövcud olan xaos və anarxiya ölkəni məhv olmaq təhlükəsi ilə üzləşdirmişdi. Ona görə də, xalq öz nicatını böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bir qrup ziyalı Ulu Öndərə müraciət edərək onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını xahiş etdi. Beləliklə, 1992-ci ilin noyabr ayında partiya yarandı və qısa müddət ərzində hakimiyyətə gəldi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmiz böhrandan xilas olaraq inkişaf yoluna çıxdı.

Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü dövlətə çevrildiyini deyən Ə.Fərəcov dövlətimizin başçısının Qarabağın işğaldan azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyi vurğulayıb. Deyib ki, bu gün Qarabağın dirçəlişi istiqamətində görülən işlər hər bir vətəndaşda qürur hissi doğurur.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü professor Sudeyf İmamverdiyev bildirib ki, 29 il əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Vətənimizi üzləşdiyi təhlükələrdən xilas etmək amalı ilə yaradılıb. Partiyanın yaradılması müstəqil Azərbaycan dövlətinin formalaşması prosesinə ciddi təsir göstərib.

YAP Veteranlar Şurasının üzvü professor Şahlar Əsgərov da çıxışında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən danışıb, 91 ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin Naxçıvanda partiyanın təsis konfransı ilə bağlı faktları diqqətə çatdırıb və qeyd edib ki, YAP öz tarixi missiyasını şərəflə həyata keçirib.

YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca isə ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək deyib: "Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış müasir Azərbaycan tarixində həlledici dönüş nöqtəsi oldu".

YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, dövlətimizin güclənməsi prosesindəki rolundan söhbət açıb.

Sonra tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.

AZƏRTAC