YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir
Siyasət

YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.

YAP-dan verilən məlumata görə, bu ölkənin hakim siyasi partiyası olan Milli Birlik Partiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində partiyanın nümayəndə heyəti tərəfindən "Boğaz şəhidliyi" ziyarət edilib, 1974-cü ildə həyata keçirilən "Barış" hərəkatında şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub.

Daha sonra YAP, AK Parti və Milli Birlik Partiyası arasında üçtərəfli görüş keçirilib.

Milli Birlik Partiyasının Mərkəzi Qərargahında baş tutan görüşdə partiyalararası əməkdaşlığın önəmindən və perspektivlərindən bəhs edilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və Milli Birlik Partiyasının sədri, ŞKTC-nin Baş naziri Ünal Üstel Azərbaycanın tarixi Qələbəsi nəticəsində yaranmış yeni reallıqların fonunda və Türk dünyasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından sonra dost və qardaş xalqların hakim siyasi partiyalarının da yeni çağırışlarla üzləşdiklərini vurğulayıblar. Bu kontekstdə partiyalararası münasibətlərin inkişaf etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin əsas prioritetlərdən biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bugünkü üçtərəfli görüş yeni formatda işbirliyinin əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Milli maraqlara əsaslanan səmərəli fəaliyyət həyata keçirən hər üç partiyanın birgə təşəbbüsləri ortaq hədəflərə çatmağa imkan verəcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə olunub.

Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətində hakim koalisiyada yer alan Demokrat Partiyası və Yenidən Doğuş Partiyası ziyarət olunub.

Xaqani KOSAYEV,

“Respublika”.