YAP Oğuz rayon təşkilatının XI hesabat konfransı keçirilib
Region

YAP Oğuz rayon təşkilatının XI hesabat konfransı keçirilib

Avqustun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

YAP mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə müstəqil Azərbaycanın xilaskarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün gücünü və bacarığını xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi və gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir.

S.Məhərrəmov qeyd edib ki, YAP Oğuz rayon təşkilatı öz sıralarında 4866 nəfər partiya üzvünü 68 ərazi ilk partiya təşkilatında birləşdirir. Onlardan 2042 nəfəri qadın, 1671 nəfərini gənclər təşkil edir. Hesabat dövründə 362 nəfər partiya sıralarına qəbul edilib.

Sonra YAP Oğuz rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Allahverdi Allahverdiyevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, YAP Oğuz rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Mehriban Abbasova, rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alcanov, Rayon Ağsaqqallar şurasının üzvü Emin Əzimli hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl, həmçinin bu təməl üzərində ölkəmizin son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar və tarixi Zəfərimiz bundan sonra da respublikamızın dayanıqlı inkişafını təmin edəcəkdir.

Ə.Tağıyev vurğulayıb ki, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 29 ildə əldə etdiyi uğurların miqyası böyükdür. Partiyanın VII qurultayında qəbul olunan qərarlar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır. YAP Oğuz rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Ə.Tağıyev təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Oğuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

AZƏRTAC