Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər Şuşada
Digər xəbərlər

Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər Şuşada

İyulun 31-də Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Şuşada olublar.

AZƏRTAC xəbər verir ki, Şuşa ilə tanışlıq tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidən və qədim Mərdinli məhəlləsindən başlanılıb.

Qonaqlara görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan, Xalq artisti Bülbülün güllələnmiş heykəllərini ziyarət edən jurnalistləri bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib. Bildirilib ki, işğal illərində ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə heykəllər öz əvvəlki yerinə qaytarılıb.

Sonra qonaqlar şəhərdəki Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən bu məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Daha sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə baxış keçirilib. Xarici media nümayəndələrinə Pənahəli xanın sarayının tarixi haqqında məlumat verilib, işğal dövründə sarayın erməni vandallığına məruz qaldığı bildirilib. Jurnalistlər sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar. Qeyd edilib ki, hazırda kompleksdə bərpa işləri aparılır.

Media nümayəndələrinin Şuşa ilə tanışlığı Qala divarlarının qarşısında davam edib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları baxımsızlığa və dağıntılara məruz qalıb. Şuşa İşğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

“Şuşa” qəzetinin fəaliyyət göstərdiyi bina ilə tanışlıq zamanı jurnalistlərə tikili haqqında ətraflı məlumat verilib.

Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan gəlmiş jurnalistlər Cıdır düzündə də olublar. Media nümayəndələr Cıdır düzündən ətrafa açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Xarici jurnalistlərin Şuşa şəhəri ilə tanışlığın son dayanacağı Qazançı kilsəsi olub. Onlara burada aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir. Bu kilsənin 1868-1887-ci illərdə qədim Zərdüşt məbədi üzərində inşa olunduğu diqqətə çatdırılıb.

Bununla da xarici jurnalistlərin Şuşaya səfəri başa çatıb.

Qeyd edək ki, media nümayəndələri Şuşadan sonra Gəncə şəhərinə və Ağdam rayonuna səfər edəcəklər.

AZƏRTAC