Yaponiyanın layihəsi ilə Zaqatalada yeni bağça tikilib
Region

Yaponiyanın layihəsi ilə Zaqatalada yeni bağça tikilib

Zaqatala rayonunun Aşağı Tala kəndində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində həyata keçirilən 3 nömrəli uşaq bağçasının yeni binasının tikintisi layihəsinin icrası uğurla başa çatıb. Açılış mərasimində iştirak edən rayon rəhbərliyi, səfir və qonaqlar əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül dəstələri düzüblər.

Sonra səfir Cuniçi Vada rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə salınan Yaponiya-Azərbaycan Dostluq Parkının açılışında iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə diqqətə çatdırıb ki, park Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə yaradılıb. Parkda yapon mənşəli 10 ədəd sakura ağacı əkilib, uşaqlar üçün yelləncəklər quraşdırılıb.

"Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi" İctimai Birliyinin rəhbəri Yasin Dadaşov layihə barədə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi 1939-cu ildə inşa edilmiş və 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində istifadəyə yararsız hala düşmüş Aşağı Tala kənd 3 nömrəli uşaq bağçasının sökülərək yerində yeni bina inşa etməklə uşaqların məktəbəqədər təhsil şəraitini yaxşılaşdırmaqdan ibarətdir.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında Yaponiyanın Azərbaycandakı səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşlığın 2007-ci ildən uğurla davam etdirildiyini, dost ölkənin qrant yardımı proqramı çərçivəsində indiyədək Zaqatalada məktəb tikintisi, tibb və ekologiya, su təchizatı və digər sahələri əhatə edən 10-dan artıq layihənin reallaşdığını diqqətə çatdırıb.

Səfir Cuniçi Vada Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, hazırda hər iki ölkənin rəhbərlərinin səyi ilə bu əlaqələrin daha da möhkəmlənməsi üçün davamlı iş aparıldığını diqqətə çatdırıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, bağçanın müdiri Məlahət Zamanova çıxış edərək, uşaq bağçasının tikintisinə göstərdikləri dəstəyə görə Yaponiyanın ölkəmizdəki səfirliyinin və rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

M.QULUYEV,

"Respublika".