YARALARIN SAĞALACAĞI GÜN UZAQDA DEYİL
Tarix

YARALARIN SAĞALACAĞI GÜN UZAQDA DEYİL

Belə bir atalar sözü var, uzaq qohumdan yaxın qonşu yaxşıdır. Bəli, bu kəlam illərin süzgəcindən keçərək, bu günümüzə çatmışdır. Ancaq bu bir həqiqətdir ki, biz azərbaycanlıların qonşu sarıdan bəxti gətirməyib. Məlumdur ki, ermənilərin Cənubi Qafqaza köçürülməsi ötən əsrlərə təsadüf edir. Onlar havadarlarının dəstəyi ilə İraq, İran, Suriya və başqa ölkələrdən köçürülərək Qərbi Azərbaycana əvvəlcə sığınacaq adı ilə gəlmişlər. Tarixi mənbələr göstərir ki, həmin dövrlərə qədər Cənubi Qafqazda erməni mənşəli bir nəfər olmamışdır. Hətta İrəvan şəhərində anadan olmuş, hazırda dünyasını dəyişmiş ağsaqqallar deyərmiş ki, yağış yağanda ermənilərin küçələrə çıxması qadağan olunmuşdu. Səbəb isə bu şəffaf və təmiz yağış suyunu ermənilərin murdarlayacağı söylənirmiş. O zamanlar İrəvan şəhərində, eləcə də Azərbaycanın Qərb bölgəsinin digər əyalətlərində yaşayan əhalinin 90 faizi azərbaycanlılardan ibarət olmuşdur. Sonralar hər cür hiyləgərliyə malik olan ermənilər özlərinin xaç atalarının köməkliyi ilə zaman-zaman ata-baba torpaqlarımızda iyrənc əməllərə əl atmış, soyqırımları törətmişlər.

Tariximizi saxtalaşdırılmış sovet ideologiyasına əsaslanaraq məhv etməyə çalışmış, xalqımızın inanc yerlərini dağıtmış, yaşayış məskənlərinin adlarını dəyişərək Prezident İlham Əliyevin dediyi kimi, əcaib erməni adları qoymuşlar. Xalqımıza məxsus olan nə varsa hamısını məhv etməyə çalışmışlar.

Bütün bunlarla kifayətlənməyərək azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq üçün məkrli planlar hazırlamışlar. Təbii ki, bu işi onlar özbaşına həyata keçirə bilməzdilər. Ötən əsrin əvvəllərində SSRİ-nin planı ilə Qərbi Azərbaycandan insanların deportasiyasına başlanılmışdır. Məsələ bundadır ki, dağlıq zonada anadan olmuş, yaşamış insanları Azərbaycanın ən isti iqliminə malik olan bölgələrə köçürmüşlər. Bəzi insanlar elə yolda, bəziləri isə köçürüldükləri yerdə həddindən artıq istiyə ürəkləri tab gətirməyərək vəfat etmişlər.

Bu proses erməni və ruslar tərəfindən çox düşünülmüş qaydada təmkinlə həyata keçirilmişdir. Nədənsə SSRİ hökuməti bu işi seyr etməklə işini bitmiş hesab etmişdir. Çünki bu işin təşkilatçıları onlar özləri idi. Ən nəhayət, XX əsrin 80-ci illərinin sonlarında mənfur Qorbaçov rejiminin birbaşa dəstəyi ilə Qərbi Azərbaycanda yaşayan insanlar öz tarixi ata-baba yurdlarından kütləvi şəkildə vəhşicəsinə qovuldular.

 O dövrlərdə əvvəlcə ermənilər süni olaraq Sumqayıt şəhərində guya onların təzyiqlərə məruz qaldıqlarını, azərbaycanlıların erməniləri qətlə yetirdiklərini yalandan dünyaya bəyan etdilər. Lakin əsl həqiqət ondan ibarət idi ki, ermənilərin qətlə yetirilməsi və s. vəhşiliklər erməni millətindən olan bir qrup xüsusi hazırlanmış şəxslər tərəfindən düşünülmüş formada törədilmişdir. Bununla bağlı saysız-hesabsız dəlil və sübutlar olsa da, nədənsə o vaxtı SSRİ hökuməti bu məsələnin araşdırılmasında maraqlı olmadı.

Sumqayıtda törədilən bu hadisələr Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların torpaqlarından çıxarılmaları üçün hazırlanmış bir proses idi. 1987-ci ildən başlayaraq Sumqayıtdan guya zorla qovulmuş ermənilər Qərbi Azərbaycana gələrək müxtəlif təxribat xarakterli hərəkətlərə başladılar.

1988-ci ildə Qərbi Azərbaycanda vəziyyət dözülməz həddə çatmışdı. Azərbaycanlıların rayon mərkəzləri ilə əlaqələri kəsilmişdi. Digər bölgələrdən gələn ermənilər rayonlarda mitinqlər keçirərək azərbaycanlıların köçürülməsini tələb edirdilər. Maraqlıdır ki, bölgəyə gətirilmiş, aralarında milliyyətcə ermənilər olan sovet əsgərləri ermənilərin tərəfini saxlayır və seyrçi mövqeyi nümayiş etdirirdilər. 1988-ci ilin payız aylarında vəziyyət tamamilə dözülməz həddə çatdı. İnsanlar öz tarixi ata-baba yurdlarında qorxu və təlaş içində yaşayırdılar. İlin digər fəsillərində deyil, məhz payız fəslində ermənilər daha çox azğınlaşdılar. Səbəb çox sadə idi. Adətən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız illik azuqələrini payız fəsli gələnədək tədarük edirdilər. Eyni zamanda, bəzi kənd təsərrüfatı məhsullarının qış aylarında satışını həyata keçirirdilər. Ermənilər bilirdilər ki, bu qədər məhsulu və ev əşyalarını heç kim özü ilə daşıya bilməz. Çünki insanlar yalnız canlarını vəhşiləşmiş ermənilərdən xilas etmək üçün çalışırdılar.

1988-ci ilin payız aylarında bir qrup Qərbi Azərbaycanda yaşayan ziyalı və ağsaqqallar Azərbaycanın o zamankı rəhbərliyi ilə görüşmək üçün Bakı şəhərinə yollandılar. Eyni zamanda, SSRİ hökumətinə saysız-hesabsız teleqramlar göndərildi.

Mərkəzi Komitənin ən məsul işçiləri ilə görüşərək ata-baba yurdlarında yaşamaq, ermənilərə müqavimət göstərmək üçün köməklik göstərilməyini xahiş etdilər. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müraciət edənlərə boş vədlərdən başqa heç bir köməklik göstərilmədi.

Beləliklə, vəziyyət daha dözülməz həddə çatdı. Artıq zavallı camaatın öz Vətənini tərk etməkdən başqa çarəsi qalmadı. Azğınlaşmış ermənilərin təzyiqilə canlarını qurtarmağa çalışan köməksiz, hər an vəhşi ermənilərin hücumuna məruz qalan insanlar çox çətinliklə Azərbaycana pənah gətirdilər.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, illər uzunu ermənilər Qərbi Azərbaycanda yaşayan hər bir azərbaycanlının əməkhaqqından bir faiz civarında daşnaksütyun partiyasının hesabına köçürmüşlər. Bu partiyanın üzvləri qaniçən, qəddar, Azərbaycan və Türk millətinin düşmənidir. Qərbi Azərbaycanda, Xocalıda, Şamaxıda və digər yerlərdə millətimizə qarşı soyqırımı törədənlərdir.

İnsanlar öz vətənlərindən pərən-pərən olan zaman insani hisslərdən uzaq olan ermənilər hətta azərbaycanlıların əşyalarının içərisində silah axtarmaq bəhanəsilə qadınlara məxsus qızıl-zinət əşyalarının, eləcə də insanların illər uzunu minbir əziyyətlə topladığı ehtiyat pullarını da qarət edirdilər. Mal-qaranı zorla çarəsiz insanların əllərindən alırdılar. Qarda, çovğunda insanlar həyatlarını itirdilər.

O dövrdə SSRİ rəhbərliyinin tapşırığına uyğun olaraq ermənilər Azərbaycandan sərbəst şəkildə mülklərini istədikləri qiymətə sataraq bütün əşyalarını iynədən-sapadək özləri ilə götürərək rahat bir şəkildə Azərbaycanı tərk edirdilər. Acınacaqlı hal bu idi ki, Qərbi Azərbaycanda yaşayan insanların mülkləri əllərindən alınaraq vəhşicəsinə qovuldular. Ən dəhşətlisi isə ata-babalarının, əcdadlarının məzarlarını qoyub gəlmək idi. Həmin ağır günlərdə yaşlı insanlar qorxu içərisində məzarlıqlarda yaxınlarını ziyarət edərək bu ziyarətin sonuncu olduğunu dərk edir və bir ovuc torpaq götürürdülər. Bütün bu insanlar Qərbi Azərbaycana, doğma torpaqlarına qayıtmaqlarının mümkünsüz olduğunu düşünürdülər. Ancaq son hadisələr tam başqa bir mənzərə yaratdı. Cəmi 44 gün ərzində qüdrətli Azərbaycan ordusu doğma Qarabağ torpağını yağı düşməndən azad edərək Azərbaycan əsgərinin cəsarətini, dövlətimizin gücünü, qüdrətini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan digər torpaqlarımızın da gec-tez öz sahiblərinə qaytarılmağına heç bir şübhə yoxdur. Çünki o müqəddəs torpaqların Azərbaycan xalqına məxsus olması hamıya bəllidir.

Qərbi Azərbaycana qayıtmaq bizim hüququmuzdur. Yaşından asılı olmayaraq hər bir azərbaycanlı o torpaqlar uğrunda canından keçməyə hazırdır. Bir gün o yerlərin əsl sahibləri olaraq əzəli ata-baba yurdumuza qayıdacağımıza əminik.

Vəli VƏLİYEV,

"Respublika".