“YAŞAT” düşərgəsinin dördüncü həftəsi başa çatıb
Sosial həyat

“YAŞAT” düşərgəsinin dördüncü həftəsi başa çatıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin dördüncü həftəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, düşərgənin sonuncu günündə ilkin olaraq psixoloqlarla görüş və əyləncə saatı təşkil olunub.

Sonra “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynovun iştirakı ilə düşərgənin bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Günün sonunda tanınmış müğənni Zamiq Hüseynovun iştirakı ilə konsert proqramı keçirilib.

Konsert proqramında şəhidimiz Paşa Mehdiyevin qızı Aytac Mehdiyevanın doğum günü qeyd olunub.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin dördüncü həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edib.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə, 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə 6 gün 5 gecəni əhatə edəcək.

AZƏRTAC