“YAŞAT
Sosial həyat

“YAŞAT" Fondu qazi Elvin Məmmədovun ailəsini sevindirib

Vətənin müdafiəsi uğrunda yaralananların və şəhidlərin ailə üzvlərinin təminatına dəstək məqsədilə yaradılan "YAŞAT" Fondu növbəti qazi ailəsini sevindirib. Fond Tovuz rayonunun Cəlilli kəndində yaşayan qazi Elvin Məmmədovun mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib.

AZƏRTAC xəbər verir ki, Elvin Məmmədov ötən ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı yaralanıb. Minomyot atəşi nəticəsində belindən xəsarət alan Elvin müalicəsini uzun müddət Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, daha sonra isə evdə davam etdirib. O, hərəkət məhdudiyyətli olduğu üçün Vətən müharibəsində iştirak edə bilməyib.

Qazinin anası Sevil Məmmədova oğlunun bütün müalicə xərclərini ödədiyinə görə dövlətdən razılığını ifadə edib. Qazi əziyyəti və qayğısı çəkdiyinə görə qürur hissi keçirən ana deyib: "Vətən torpaqlarının işğalda olması bütün azərbaycanlıları narahat edirdi. Şükürlər olsun ki, hər kəsin dəstəyi nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Müharibədən sonra bütün şəhid ailələri və qazilər dövlətin daim diqqətindədirlər. "YAŞAT" Fondu da bizim müraciətimizi eşidərək mənzil şəraitimizin yaxşılaşdırılması üçün dəstək oldu. Mən başda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla, "YAŞAT" Fonduna, bütün əməkdaşlara və əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Dövlət həmişə qazilərə və şəhid ailələrinə dayaq durur, köməyini əsirgəmir. Allahdan bütün qazilərə cansağlığı və şəhidlərə rəhmət diləyirəm. Şəhid anaları qarşısında baş əyirəm. Yaşasın Azərbaycan Prezidenti və Azərbaycan xalqı!".

"YAŞAT" Fondunun ayırdığı maliyyə vəsaiti ilə hazırda evlərində təmir-bərpa işlərinin aparılmasından məmnunluğunu ifadə edən qazi Elvin Məmmədov deyib: "Göstərilən dəstəyə görə Fonda dərin minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Onu da qeyd edim ki, lazım gələrsə, hər zaman döyüşməyə hazıram".

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid olanların ailə üzvlərinin təminatına dəstək məqsədi daşıyan "YAŞAT" Fondu ötən il dekabrın 8-də təsis edilib.

Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon manatdan çox vəsait xərclənib. Xərclənən vəsaitin 32 milyon manatdan çoxu məişət şəraitinin yaxşılaşdırılması, 11 milyon manatdan çoxu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təxminən 5 milyon manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, 458 min manatdan çoxu isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına sərf edilib.

AZƏRTAC