“YAŞAT
Sosial həyat

“YAŞAT" Fondu və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası “Çiyin-çiyinə bir yumruq kimi" layihəsini reallaşdırır

Mayın 12-də 50-yə yaxın müharibə əlili Türkiyənin Alanya şəhərinə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məqsəd "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və "Alanyaspor" futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılan "Çiyin-çiyinə bir yumruq kimi" layihəsində iştirakdır.

Mayın 19-dək davam edəcək layihə çərçivəsində qazilərimizin "Alanyaspor" futbol klubunun prezidenti ilə görüşü, həmçinin şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı nəzərdə tutulur. Qeyd olunan müddətdə mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədilə müxtəlif tədbirlər təşkil olunacaq.

Səfər çərçivəsində qazilərimiz "Alanyaspor-Qaziantepspor" futbol matçını canlı izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

AZƏRTAC