Sosial həyat

"YAŞAT" Fonduna yığılan məbləğin 60 milyondan çoxu əsas fəaliyyət istiqamətləri üzrə xərclənib

İyunun 23-dək "YAŞAT" Fondunun hesabına 73 milyon 781 min 435 manat 79 qəpik vəsait mədaxil olub.

Fondun nümayəndələri ölkə ərazisində 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 599 yaralı olmaqla ümumilikdə 16 min 966 şəxslə görüşüb, ehtiyaclarını qeydə alıblar. Fonda müraciət etmiş 12 min 526 şəxsin 26 min 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 min 848-dir.

AZƏRTAC xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

E.Hüseynov qeyd edib ki, Fondun fəaliyyət istiqamətləri üzrə 61 milyon 114 min 757 manat 86 qəpik məbləğində vəsait xərclənib.

"YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 min 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 min 791 müraciəti olmaqla ümumilikdə 10 min 215 müraciət təmin edilib.

2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən "Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

Hər iki valideynini itirən 7 şəhid övladının hər birinin adına 5 min manat məbləğində depozit hesabı açılıb.

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1166 müraciəti olmaqla ümumilikdə 2 min müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 min 926 manat 74 qəpik vəsait qarşılanıb.

Fondun rəhbərinin sözlərinə görə, indiyədək 47 şəhid ailəsi, 50 qazi ailəsi üzvü və 70 müharibə iştirakçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturlarında işlə təmin edilib. Həmin təbəqədən olan vətəndaşlara xidmət etmək üçün "ASAN xidmət" mərkəzlərində "YAŞAT" otaqları yaradılıb. Bu günə qədər bu istiqamətdə 4 min 260 yaralının və 4 min 80 şəhid ailəsi üzvünün ümumilikdə 8 min 340 müraciəti təmin edilib.

"YAŞAT" Fondunun həyata keçirdiyi layihələr barəsində məlumat verən E.Hüseynov belə layihələrin davamlı olacağını diqqətə çatdırıb.

AZƏRTAC