“YAŞAT
Sosial həyat

“YAŞAT" Fondunun fəaliyyət istiqaməti üzrə 49 milyon manatdan çox vəsait xərclənib

Dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT" Fondunun yaradılmasından 1 il ötür. Bununla əlaqədar Bakı Konqres Mərkəzində mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

Mətbuat konfransında çıxış edən Ülvi Mehdiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımızın, dünya azərbaycanlılarının vahid formada təşkilatlanması, o cümlədən ölkəmizdə şəhid ailə üzvləri və yaralılara dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Məhz həmin kateqoriyadan olan şəxslərin müxtəlif istiqamətlərdə müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığını, həlli istiqamətində çevik tədbirlərin reallaşdırıldığını vurğulayıb.

Ü.Mehdiyev müxtəlif təşkilatların, vətəndaşların, xaricdə yaşayan azərbaycanlıların şəhid ailəsi üzvləri və qazilərə xidmət, yardım göstərmək istədiyini qeyd edib. O, vətəndaş cəmiyyətindən gələn sosial təklif və vətəndaşların kütləvi müraciəti nəzərə alınaraq dövlətimizin başçısı tərəfindən bu sahədə mərkəzləşdirilmiş və operativ platformanın yaradılması məqsədilə "YAŞAT" Fondunun təsis edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu günə qədər "YAŞAT" Fonduna 64 milyon 930 min 525 manat 72 qəpik ianə toplanıb və fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min 446 manat qəpik məbləğində vəsait xərclənib.

Agentliyin sədrinin sözlərinə görə, 2 min 916 şəhidin ailə üzvləri, habelə 5 min 10 yaralı olmaqla, ümumilikdə 16 min 393 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb və 10 min 875 şəxsin 15 min 834 müraciəti icra olunub.

Ülvi Mehdiyev rəhbərlik etdiyi agentlikdə də şəhid ailələri və qazilərə göstərilən xidmətlərdən də bəhs edib: "Dövlət Agentliyinin özündə və "ASAN xidmət" mərkəzlərində şəhid ailəsi üzvləri və qazilər üçün xüsusi xidmət otaqları ayrılıb. Bu günə qədər 4700-dən çox şəhid ailə üzvü və qaziyə növbədənkənar və xüsusi güzəştlərlə "ASAN xidmət" mərkəzlərində olan xidmətlərin təşkili həyata keçirilib. Həmçinin Dövlət Agentliyinin strukturlarında Vətən müharibəsinin 40 şəhidin ailə üzvü və 15 qazi işlə təmin olunub".

Mətbuat konfransında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısı tərəfindən bütün dövlət qurumlarının səfərbər edilərək bu kateqoriyadan olan vətəndaşlara dəstək tədbirlərinin həyata keçirilməsinin tapşırıldığını bildirib.

Nazir postmüharibə dövründə dövlət tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə göstərilən xidmətlər haqqında məlumat verib: "Postmüharibə dövründə 35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib. Bunların əsas hissəsini sosial ödənişlər təşkil edir. Həmin kateqoriyadan olan 10 min 202 şəxsə 20 min 341 sosial ödəniş təyin olunub. Burada da əsas yeri şəhid hərbi qulluqçuların ailə üzvləri tuturlar. Belə ki, 7 min 716 nəfərə 15 min 344 ödəniş təyin olunub. Eyni zamanda, yaralılar, əlilliyi olan şəxslər və mülki şəhidlərin ailə üzvləri də əhatə olunub. Digər tərəfdən Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə böyük mənzil təminatı proqramı icra olunmağa başlanıb. Təkcə cari il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600-ə yaxın mənzil təqdim edilib. Bu proses davam edir, ilin sonuna qədər həmin istiqamətdə tədbirlər icra olunacaq. Burada biz şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, eyni zamanda, sosial cəhətdən ən həssas kateqoriyadan olan digər vətəndaşları da əhatə edirik. 2021-ci ildə 164 avtomobil müharibə əlilliyi olan hərbi qulluqçulara təqdim edilib. Onların da mütləq əksəriyyəti Vətən müharibəsi dövründə xəsarət alanlardır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyə daxil olan müraciətlərə əsasən, bu ilin doqquz ayı ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 min 993 şəxsə 109 min 443 tibbi xidmət göstərildiyini diqqətə çatdırıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 min 687-si ambulator, 13 min 756-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış şəxslərdən 7 min 51 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub.

"Həmin dövr ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 321 pasiyent üzərində 381 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr çoxluq təşkil edib. Həmçinin Tibbi Reabilitasiya Xəstəxanasında 696 nəfərə reabilitasiya xidmətləri göstərilib", - deyə Z.Əliyev qeyd edib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vətən müharibəsi dövründə Amerika və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə ümumilikdə 3 milyon 304 min 214 manat məbləğində yardım göstərdiyini vurğulayıb.

O, Komitənin "YAŞAT" Fondu ilə birgə həyata keçirdiyi layihələr haqqında məlumat verib və xarici ölkələrdə yaşayan soydaşlarımızın keçirilən "YAŞAT" marafonlarında aktiv iştirak etdiyini vurğulayıb.

F.Muradov gələn ildən etibarən şəhid övladlarının Türkiyədə təhsil ala biləcəklərini və bununla bağlı proqram hazırlandığını da qeyd edib.

"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.

Bildirilib ki, Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon manatdan çox vəsait xərclənib. Xərclənən vəsaitin 32 milyon manatdan çoxu məişət şəraitinin yaxşılaşdırılması, 11 milyon manatdan çoxu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 5 milyon manatdan çoxu istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, 458 min manatdan çoxu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına sərf olunub.

Qeyd olunub ki, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-i ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi Türkiyədə davam edir.

Onun sözlərinə görə, ötən il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən "Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə hər bir körpənin anasına min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

Tədbir çərçivəsində "YAŞAT" Fondunun müvafiq fəaliyyət istiqamətlərini əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

AZƏRTAC