“Yaşıl Marafon” çərçivəsində ağac əkilib
Ekologiya

“Yaşıl Marafon” çərçivəsində ağac əkilib

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş təşəbbüslərə Azərbaycan genişmiqyaslı ağacəkmə tədbirləri ilə dəstək verib.

Belə ki, bir gün ərzində ölkə ərazisində ümumilikdə 18 574 ədəd müxtəlif cinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 1,5 hektar  sahədə toxum səpilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu gün Nazirliyin, rayon icra Hakimiyyətlərinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə Ağstafa, Xaçmaz, Siyəzən, Gədəbəy, Tərtər, Şamaxı, İsmayıllı, Sabirabad, İmişli, Göygöl rayonlarında və Bakı şəhəri Xocasən gölü ətrafında ağac əkini həyata keçirilib.

                                                           Kamil İSMAYIL,

                                                             “Respublika”.