Ekologiya

"Yaşıl marafon" Sabirabadda

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl marafon") ağacəkmə aksiyası keçirilir. Əsas məqsəd ekoloji tarazlığın bərpa edilməsində yaşıllığın həcmini artırmaq, əkilən ağaclara, salınan yaşıllığa qayğı göstərmək, yaşıllığı qorumaqla onun həcmini daha da genişləndirməkdən ibarətdir.

Onu da qeyd edək ki, respublikada məşhur olan, öz gözəlliyi ilə göz oxşayan, münbit torpaqlara malik Kürqırağı meşələrdəki nadir ağacların sayı son illərdə xeyli azalmışdır. Elə bu səbəbdən də Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi də "Yaşıl marafon" aksiyasına qoşulub Kürqırağı meşələrə yeni həyat vermək qərarına gəlmişdir. Sabirabad rayonunun Axtaçı kəndində yerləşən Şirvan meşəbəyliyinin 2 saylı meşə dolayında "Yaşıl marafon" adı altında keçirilən ağacəkmə aksiyasında 1 hektar ərazidə göyrüc və iydə cinslərindən ibarət meşə əkini tədbiri həyata keçirildi. Aksiyada Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bərabər, Sabirabad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi, həmçinin Axtaçı kənd sakinləri iştirak etdilər.

Növbəti "Yaşıl marafon" aksiyalarını digər Kürqırağı kəndlərdə keçirib meşələrin imkan daxilində bərpasına köməklik göstərmək qərara alındı.

Tofiq HÜSEYN,

"Respublika".