“Yaşıl Qarabağ” ideyası mövzusunda işgüzar görüş
Digər xəbərlər

“Yaşıl Qarabağ” ideyası mövzusunda işgüzar görüş

Qarabağ Dirçəliş Fondu tərəfindən işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın, biomüxtəlifliyin bərpası və "Yaşıl Qarabağ" ideyası mövzusunda işgüzar görüş təşkil olunub.

Fondun mətbuat xidmətindən bildirilir ki,  tədbirdə xüsusi qonaq qismində ekologiya və təbii sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev və yarandığı gündən həmrəylik nümayiş etdirərək Fonda ianə edən donor şirkətlərin nümayəndələri iştirak edib.

İşğal dövründə Azərbaycanın meşə fondu sahələrinin ekoloji terrora məruz qaldığını və bu dövrdə düşmənin regionun təbii sərvətlərini talan etdiyini vurğulayan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qonaqlara bu görüntülərin əks olunduğu "Qarabağda ekosid" videoçarxını və bu mövzuda Fondun atdığı addımları əks etdirən təqdimatı nümayiş etdirib.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev belə təşəbbüslər çərçivəsində göstərilən birliyin Qarabağda davamlı gələcəyə dəstək olacağını qeyd edib.

Sonda işğaldan azad olunan ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlar -  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, "PAŞA Bank" ASC, "Avrora Qrup", "Stevedoring" MMC, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, "Gilan Holding" və "Libraff" "İanə Sertifikatı" ilə təltif olunub və bütün iştirakçılara görüşün məqsədinə uyğun olaraq simvolik ağac tingləri hədiyyə edilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".