YAŞINDAN TEZ BÖYÜMÜŞDÜ
Digər xəbərlər

YAŞINDAN TEZ BÖYÜMÜŞDÜ

Şəhid əsgər, sərrast nişançı Musa Əsgərovun anası Hüsniyyə xanım oğlu haqqında söhbətə belə başladı:

- Uşaqlıqdan əsgər olmaq arzusu ilə yaşayırdı. Hərbi xidmətə çağrıldığı gün yadımdadı. Onu heç belə görməmişdim, əlində çağırış vərəqəsi qapıdan girəndə sevincindən qanadı olsa uçardı. Mən də, atası Rövşən də onu uşaq bilirdik, əlində çağırış vərəqəsi qarşımızda əmirə müntəzər əsgər kimi dayanmışdı. Bu çağırış vərəqi gözümüzdə uşaq olan Musanı sanki yaşından tez böyütmüşdü… Təhsili əla idi, idmanla məşğul olurdu, qabiliyyəti, bilik və bacarığı ilə yoldaşlarından fərqlənirdi. Tarix və ədəbiyyata böyük maraq göstərirdi, məktəb illərində şeir də yazırdı.

Musa Rövşən oğlu Əsgərov 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavax kəndində anadan olub. Kənd məktəbində 4-cü sinfi başa vurduqdan sonra, ailəsi Gəncəyə köçdüyü üçün təhsilini burada 12 nömrəli şəhər orta məktəbində davam etdirib. 2018-ci ildə təhsilini başa vurub, məktəb partası arxasından bir başa hərbi xidmətə yollanıb. Könüllü hərbi xidmətə Ağcabədidən başlayıb, sonra isə Beyləqanda təlimlərə qoşulub. Hərbi xidmətini 2019-cu ildə başa vurmalı idi, amma 3 ay qalmış Xüsusu Təyinatlı Qüvvələrin hazırlıq kursuna yazılıb. İkinci Qarabağ müharibəsi başlayanda bir qrup əsgər yoldaşı ilə cəbhəyə yollanıb. Bizə yazmazdı, döyüşlərə 2020-ci il sentyabr ayının 27-də başlayıb. Bütün bunlar barədə biz sonradan dostlarından öyrəndik. Cəbhədə iştirakını bizdən gizlədirdi, istəmirdi narahatçılıq keçirək.

Lap uşaq yaşlarından ailəcanlı idi, dediyim kimi, yaşından tez böyümüşdü, atasına təsərrüfat işlərində kömək edər, bacı və qardaşına həyan olardı. Mənimsə sağ əlim idi. Çətinliyə dözümlü böyümüşdü. Əsgər həyatının çətinlikləri barədə bizə bir kəlmə də yazmazdı. Ara-sıra təlimdə iştirak etdiyini, bu təlimlərin də ciddi olmadığı barədə yazardı, narahat olmayın, deyə ürək-dirək verərdi, vaxtım olanda sizə ətraflı söhbət açacam…

Bir müddət söhbətinə ara verdi. Danışmasa da hiss edirsən ki, oğlunun xiffəti ilə yaşayır: Amma onunla üzbəüz dərdləşmək, xatirələrini özündən eşitmək bizə qismət olmadı…

Musa Əsgərovun döyüş yolu başlayanda hələ 20 yaşı tamam olmamışdı. Ana gözündə hələ uşaq olan Musa əsl qəhrəmanlar kimi döyüşüb, azğın düşmənə qarşı igidliklə vuruşub. Musa cəbhə həyatını snayper kimi başa vurub. Xüsusi Təyinatlı Qüvvələrin üç aylıq hazırlıq kursunda snaperlər üçün xüsusi hazırlıq keçib, bütün təlim məşğələlərdə də sərrast atıcı kimi yüksək qabiliyyət nümayiş etdirib. Snayperlər cəbhədə görən göz, vuran əldir. Onlar uzaq məsafədə yerləşən hədəfi, həm də kiçik ölçülü hədəfi vurmaq üçün təlimlər keçir, xüsusi ləvazimatlardan da istifadə edirlər. Snayperlər hətta 1 kilometr məsafədə yerləşən hədəfə də dəqiq atəş aça, məhv edə bilirlər. Musa hazırlıq təlimlərində xüsusi fəallıq göstətdiyi üçün snayper tüfənginin bütün incəliklərini bilirdi. Düşmən onun hədəfindən yayınmazdı, iştirak etdiyi döyüşlərdə 100-dən artıq düşməni məhv etmişdi. Dostları zarafatla deyirdilər ki, Musa düşməni gözündən vurur…

Cəbhədə keçirdiyi ilk gündən fərqlənib, ən ağır döyüşlərə qatılıb, tezliklə xidmət etdiyi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində igidliyi, qorxmazlığı və düşmənə sonsuz nifrət hissi ilə fərqlənib. Cəbhə yoldaşları arasında "Bala canavar" təxəllüsü ilə tanınıb. Musa Əsgərovun Cocuq Mərcanlıdan başlayan cəbhə yolu Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilan döyüşlərindən keçib, həmin rayonların düşməndən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. O, dəstənin ən gənc üzvü olsa da döyüş dostları onun haqqında qürurla danışır, deyirlər ki, Musa hamının sevimlisi idi. Ən ağır döyüşlərdə öndə olardı, dəfələrlə yaralı yoldaşlarının həyatını xilas edib. Bir də onu deyirlər ki, Vətən uğrunda döyüşlərdə gözünü qırpmadan ölümə gedərdi və getdi də…

Oktyabr ayının 27-də Xocavənd rayonunun Bazar qəsəbəsində gedən ağır döyüş onun cəbhə tərcümeyi-halına son səhifə kimi yazılıb. Noyabr ayının 9-da Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və sücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə və "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərinə görə" medalları ilə təltif olunub.

…Musanın otağı döyüş şöhrəti muzeyini xatırladır. Onun xatirəsinə yaradılan guşədə şəxsi əşyaları, fotoşəkillər, az da olsa yazdığı məktubları səliqə ilə düzülüb. Qürurla əyninə geyindiyi Xüsusi Təyinatlı Qüvvələrin hərbi forması asılıb. Orden və medalları, ölkə başçısının imzaladığı vəsiqələr qürurla qorunur.

Hüsniyyə xanım çərçivəyə salınaraq divardan asılmış bir məktubu götürdü, sanki bütün dərdini, kədərini unudaraq qürurla oxumağa başladı:

"Salam, əziz ailəm, Sizdən ötrü çox darıxmışam, amma Azərbaycan əsgəri mərd və dözümlü olmalıdır. Mən əlimdə silah hər an vətənimizin və sizin müdafiənizdə durmağımla fəxr edirəm. Azərbaycan Ordusunda olmağımla fəxr edirəm! Əsgəriniz Musa". Məktubu öpüb, gözünün üstünə qoydu.

Onun yazılma tarixi haqqında fəxrlə və qürur hissi ilə danışdı:

- Musa əsgərlikdə olanda televiziyanın "Əsgər məktubu" proqramının yaradıcı qrupu onun xidmət etdiyi hərbi hissədə olub. Deyiblər ki, bütün əsgərlər ailəsinə məktub yazsınlar. Ən tez və ən məzmunlu yazan əsgərin məktubu ailəsinə çatdırılacaq. Musanın məktubu birinci yerə layiq görülüb və ailəsinə - bizə çatdırılıb…

Musanın döyüş yoldaşları tez-tez ailənin qonağı olur. Musanın xidmət etdiyi hərbi hissənin komandiri, Şuşa fatehi, Vətən Müharibəsi Qəhrəmanı Gündüz Səfərli öz əsgərinin igidliyi haqqında yazır: "Musanın müşahidə etmək qabiliyyəti çox güclü idi. O, döyüş tapşırığını çox yüksək səviyyədə yerinə yetirirdi. Onun adı, xatirəsi qəlbimizdə əbədi yaşayacaq".

Bu cümlələr də Vətən müharibəsi qazisi, Musanın döyüş hamisi Füzuli Zeynalovun məktubundandı: "Musa gənc olmasına baxmayaraq çox bacarıqlı, fiziki cəhətdən möhkəm, hazırlıqlı idi. Sərrast atıcı olub, öz üzərində daim çalışıb. İstəyirdi ki, kursda ən yüksək nəticələri o qazansın və istəyinə də nail olurdu. Döyüşlərə gəlincə isə, düşmənə qarşı amansız idi. Hər qarış torpağımız uğrunda igidliklə vuruşdu. Onun xatirəsini həmişə yad edəcəyik".

Əsgər anası oğlunun bacarığı, vətən sevgisi, igidliyi, göz bəbəyi kimi qoruduğu əşyaları və məktubları haqqında qürurla danışır, arzularını, istəklərini bölüşür:

- Bir şəhid anası kimi çox qürurluyam. Bu gün Musa tək mənim deyil, bütün Azərbaycan xalqının övladıdır. Ən böyük arzum övladımın adının əbədiləşdirilməsi, evdə yaratdığımız guşəni genişləndirərək xatirə muzeyi təşkil etməkdir.

Vaqif TANRIVERDİYEV,

"Respublika".