“Yay kimi dartınıb, ox kimi süzüb”
Ekologiya

“Yay kimi dartınıb, ox kimi süzüb”

Təbiət və biz

Cəbrayıl çöllərinə 18 baş ceyran buraxıldı

Neçə illər bundan qabaq Şirvan Dövlət Qoruğunda təbiətin bəxş etdiyi bu gözəlliyə lap yaxından, saatlarla tamaşa eləmişəm. Adamlardan hürküb qaçmırdılar. Bütün günü otlayır, günün qızmar çağında suya gedirdilər. Şirvan Dövlət Qoruğunun direktoru, Salyanlı Elman müəllim brokonyerlərə qarşı sərt idi. Yadımdadır ki, bütün günü ceyranların arasında qoruğu gəzib dolaşdıq, nə güllə səsi eşitdik, nə də çiyni tüfəngli bir kimsəyə rast gəldik. Elman müəllim bu nadir varlığa rahat, qorxusuz həyat şəraiti yaratmışdı.

Bu günlərdə böyük coşqu ilə izlədiyimiz gözəl hadisə hamıda xoş ovqat yaratdı.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl rayonuna səfəri zamanı füsunkar  təbiəti olanCəbrayıl düzənliklərinə 18 baş ceyran buraxdılar. Gözəllik üstünə gözəllik gəldi.

Bədii ədəbiyyatda, folklorumuzda ceyran ən tutarlı poetik ifadələrlə nəzmə çəkilib. Ustad Səməd Vurğunun “Ceyran” qoşması bu bədiiliyə ən gözəl nümunədir. “Yay kimi dartınıb, ox kimi süzüb”.  Ceyranın varlığını, bəlkə də obrazını bundan da mükəmməl təsvir etmək qeyri-mümkündür. Maraq aləmimizə daxil olduğu üçün ceyran barədə yazılanları nəzərdən keçirdik.

Çox yüngül qamətli bədən quruluşu olan heyvandır.  Buynuzları lira şəklində əyilmiş,  qara rəngdədir,  əsasından az və ya çox dərəcədə paralel,  zirvəyə doğru içəri əyilmişdir.  Hamar zirvələrindən başqa,  buynuz örtüklərinin səthi demək olar ki,  hər yerdə aydın şəkildə nəzərə çarpan və bir-birindən ayrılan köndələn halqalarla örtülmüşdür.  Buynuzlar təkcə erkəklərdə deyil, nadir hallarda dişilərdə də müşahidə edilir.  Rəngi müxtəlif çalarlı,  qonura çalan,  bəzən də qum rəngində olur.  Qarnının və yanlarının altı,  eləcə də  ayaqlarının uc tərəfləri ağdır.  Sifətində və böyürlərində tünd və açıq rəngli zolaqların növbələşməsi,  eləcə də ağ quyruqətrafı “güzgüsü” səciyyəvi xarakter daşıyır. Bu, onun rəsmi tablosudur.

Təbiətsevərlərə məlumdur ki,  ceyranlar 1-2,  çox az hallarda isə 3 bala doğurlar.  Balalar 4-5 aylıq olana qədər süd əmirlər.  Ceyranların ömür müddəti 10-12 ildir.  Bu antilopda iy vəziləri yaxşı inkişaf etmişdir.  Bu vəzilərin ifrazatı ilə  heyvanlar bir-birini axtarır və ünsiyyət yaradırlar.

İnsanların sevdiyi gözəllik obyekti olan ceyran həmişə onların diqqətini özünə cəlb etmişdir.  Başqa məməlilərə nisbətən bu heyvan dünyada çox az yayılmışdır.  Növün arealı: Ərəbistan yarımadası,  İran,  Cənub–şərqi Gürcüstan (nəsli kəsilmiş növ),  Kiçik Asiya yarımadası,  Türkmənistan,  Qırğızıstan,  Özbəkistan,  Əfqanıstan,  Pakistan,  Monqolustan,  Şimal-qərbi Çin və Cənubi Qafqazda isə əsas arealı Azərbaycandır.  Azərbaycan ceyranların nisbətən çox yaşadıqları ərazi olmuşdur.  Təəssüf ki,  uzun tarixi dövr ərzində insanlar bu heyvanları qıraraq,  onun arealını – antropogen landşaftlara çevirmiş,  beləliklə,  bu heyvanlar məhdud və bir-biri ilə əlaqəsi olmayan kiçik sahələrdə az miqdarda qala biliblər.

XX əsrin 40-cı illərinədək ceyranlar Azərbaycanda Acınohur,  Eldar düzündə,  Turt – Sarıca,  Qarabağ,  Mil,  Muğan,  Şirvan düzlərində,  Qobustan çöllərində geniş yayılmışdı.  1950-ci illərə qədər respublikamızda ceyranların sayı kəskin şəkildə azalmağa başlamışdır.  Hazırda Azərbaycanda ceyranların müasir yaşadıqları sahələr Şirvan Milli Parkını (17, 7 min ha),  Bəndovan (51, 8min ha) və Korçay (20, 55 min ha) yasaqlıqlarını və İlisu Dövlət Təbiət Qoruğunun Acınohur-Ceyrançöl ərazisini (17 min ha) əhatə edir.  Bu ərazilər bir-birindən tamamilə uzaq və təcrid edilmiş şəkildədir.

Mütəxəssis rəylərindən öyrənirik ki, cütdırnaqalı heyvanların istər dağlıq ərazilərdə,  istərsə də açıq səhra şəraitində məskunlaşmış növlərinin xarakterik ekoloji xüsusiyyətlərindən biri də,  onların dəstələrlə yaşamasıdır.  Belə dəstələr və ya sürülər heyvanların birgəyaşayış forması olmaqla bir sıra ekoloji əhəmiyyət kəsb edir.  Bu,  hər şeydən əvvəl,  onların kollektiv sayıqlığını artırır,  heyvanlar öz düşmənlərindən yaxşı qoruna bilir,  yırtıcıların əksəriyyəti iri sürülərə hücum etməkdən çəkinir,  qar örtüyünü tapdalayaraq yumşaldır,  getdikləri ərazidə qısa müddətdə cığır sala bilirlər ki,  bu da onların hərəkətini asanlaşdırır.  Bunlardan başqa,  sürüdə olan zəif,  xəstə fərdlər nisbətən qüvvətli və sağlam fərdlərin arxasınca gedir.  Qar örtüyü olan yerlərdə sürüdə olan cavan və qüvvətli erkəklər qarı asanlıqla tapdalayıb təmizləyir,  zəif dişi və nisbətən kiçik yaşlı fərdlərin rahat otlamasına şərait yaranır.  Bir sözlə,  cütdırnaqlı heyvanlarda sürülərin yaranması onların kollektiv şəkildə əlverişsiz şəraitdə yaşaması üçün uyğunlaşmadır.

Yuxarıda göstərilən məlumatları ümumiləşdirərək,  aşağıdakı nəticələrə gəlmək olar: Şirvan Milli Parkında da ceyranların sürülük indeksi yay aylarında kiçik,  yaz aylarında nisbətən böyük olur.  Payız fəslində isə bu göstərici hər iki fəslə nisbətən 9-10 dəfə böyükdür.  Sürülərdə heyvanların sayı orta hesabla 15-17 baş arasında dəyişir.

Ceyranlar yovşanlı və şoranotulu düzənlik yerlərdə, bəzən də xırda təpələri olan çöllərdə yaşamağa uyğunlaşmışdır.

Ən çox üstünlük verdikləri yaşayış sahələri açıq düzlərdir.  Digər antiloplardan fərqli olaraq nahamar,  dərəli-təpəli və yarımörtülü sahələrdə yaşamağa uyğunlaşa bilirlər.

Digər vəhşi cütdırnaqlılarla müqayisədə ceyranlar daha çox fəal heyvanlardır.  Yaz aylarında ceyranların fəallığı daha yüksək olur.  Heyvanlar günün bütün işıqlı vaxtlarını otlayır,  qısa müddətdə dincəlirlər.  Qışdan çıxmış heyvanlar fizioloji cəhətdən zəif olduğundan çox qida qəbul etmək üçün bütün gün ərzində otlayırlar.

Yazda (mart-may aylarında) ceyranlar səhərin alatoranlığından otlamağa başlayır,  çox qısamüddətli istirahətdən sonra yenidən qidalanmanı davam etdirirlər.  Qalan saatlarda növbə ilə dincəlirlər.  Qidalanma təxminən tam qaranlıq düşənə qədər davam edir.  Yaz aylarında ceyranlar yulğun kollarının daldasında,  torpaq təpələrinin külək tutmayan tərəfində və qurumuş otların üzərində uzanaraq dincəlirlər.

Ceyranlarda cinsi yetişkənlik dişilərdə 7-19 aylığında,  erkəklərdə isə 18-30 aylığında başa çatır.  Çoxalmanın birinci mərhələsi olan hövrəgəlmə prosesi,  təqribən sentyabrın ikinci yarısında başlayır.  Bu proses erkək fərdlərdə sentyabrın sonunadək özünü göstərir.  Bu dövrdə,  ceyranlar çox az dincəlir,  çox otlayır,  erkəklər arasında tez-tez vuruşma baş verir,  onlar bir-birilə oynaşırlar.  Bu proseslə əlaqədar ceyranlarda xüsusi davranış reaksiyaları müşahidə olunur.

Ceyranlar qidaya çox tələbkar olmayan heyvanlardır.  Ceyranlar ən çox şorlaşma olan yerlərin bitkilərindən – çərən,  şoran,  qışotu,  bitişikçiçək,  digər çoxillik və birillik halofit bitki qrupları ilə,  qış fəslində isə kollar arasında qalan birillik sancaqayağı,  bozaq,  laturus,  bağayarpağı,  incilə,  dəvəayağı  kimi efemerlərlə qidalanırlar.

Heyvanların qidasının 75-80 faizini yarımsəhra tipli bitkilər təşkil edir ki,  bu da ərazinin şimal və qərb hissəsindəki şorlaşmış,  yaxud zəif şorlaşmış torpaqlarda inkişaf etmişdir.  Düzənlikdə,  xüsusilə,  ərazinin cənub otlaqlarında adətən taxıllar,  xaççiçəklilər,  paxlalılar,  mürəkkəbçiçəklilər və s.  fəsilələrdən olan efemerlərin iştirak etdiyi xırda sahələrdən ibarət yarımsəhralara rast gəlinir.  Bu qruplaşmalar ceyranların yay otlaqları üçün və payız fəslində heyvanların cütləşmə dövrü üçün qüvvətli qidalardır.

Şirvan Milli Parkının ərazisində su mənbələri,  əsasən,  Çala gölü,  Şirvan kollektoru,  onlardan ayrılan arxlar və dənizin sahil xətlərinə yaxın ərazilərdir.  Burada suyun tərkibində duz az olduqca (1 litrində 9-14 qr) ceyranlar ondan içə bilir,  artıq olduqda isə heyvanlara öldürücü təsir göstərir.  Bundan başqa, qış aylarında heyvanlar qardan da istifadə edirlər.

                                         Tofiq HÜSEYN,

                                        “Respublika”.