Yayda zəhmət çəkənin, qışda süfrəsi boş qalmaz
İQTİSADİYYAT

Yayda zəhmət çəkənin, qışda süfrəsi boş qalmaz

Yay fəsli bu yerlərə isti günlərlə bərabər, kənd adamlarının qayğılarını da artırıb, müharibə yaralarına əkinçi əlləri ilə məlhəm qoyulur. Keçən ilin payızında düşmən mərmiləri düşən torpaqlarda indi sübh tezdən qaş qaralana kimi taxıl zəmilərində biçin aparılır, pambıq sahələrində aqrotexniki tədbirlər davam etdirilir, biçənəklərdə ot və yonca biçilir, bir sözlə, hər tərəfdə işgüzarlıq hökm sürür, tər axıdan əkinçinin üzü gülür.

Rayonun təsərrüfat tarixinə qısa bir nəzər salaq. Ağdamın sosial-iqtisadi inkişafı ötən əsrin 80-ci illərində yüksək səviyyəyə çatıb. İri kənd təsərrüfatı rayonu olan Ağdamda taxılçılıq mühüm yer tutub. Əldə etdiyimiz statistik məlumatlara əsasən, 1980-ci ildə  rayonda 6,3 min hektar sahədə taxıl əkilib və  28,3 min ton məhsul əldə edilib. Taxılçılıqda artım ilbəil müşahidə olunub.

1988-ci ildə isə 7,7 min hektar taxıl sahəsindən 30,1 min ton taxıl biçilib. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində  taxıl istehsalında 6,4 faizədək artım qeydə alınıb və orta məhsuldarlıq hektardan 39,8 sentner təşkil edib. Ötən il rayonun əlimizdə qalan hissəsində 12 min hektar buğda əkilib və biçin aparılıb. Hər hektarın məhsuldarlığı 30 sentnerdən çox olub. Qeyd edək ki, taxılın 6800 hektar dəmyə, qalan 7547 hektar isə suvarılan ərazidə əkilib.

Taxılçılığa dövlət dəstəyinin gücləndirilməsi sayəsinda ağdamlı taxılçılar cari ildə 13 min 717 hektarda biçin aparırlar. Artıq arpa biçini başa çatıb, buğda biçini isə davam edir. 2 min 46 hektarda arpa biçən fermerlər 7509 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı 36.7 sentner olub. Bu günə kimi rayonda 5 min hektara yaxın buğda biçilib.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, buğda biçini optimal müddətdə aparılır, hazırda  hər hektarın məhsuldarlığı 40.0 sentner təşkil edir. Çox sevindiricidir ki, Ağdamda işğaldan azad edilmiş ərazilərdə keçən ilin payızında, qısa müddət ərzində taxıl səpini aparılıb. Minalardan təmizlənmiş Bağbanlar, Saybalı, İsmayılbəyli, Sarıcalı və Ağdamkənd kəndlərində 2 min hektardan yuxarı dəmyə torpaqlarda indi buğda biçini aparılır.

Ağdam rayonunda torpaqlar çox bərəkətlidir, yetişdirilən bostan məhsullarının, tərəvəzin dadı-tamı daha ürəyəyatımlı olur, şirəsi çox olur, ətri, rahiyəsi adama xoş təsir bağışlayır. Keçmiş sovetlər dönəmində qonşu rayonlardan birinin rəhbəri deyib ki, gedin Ağdamdan torpaq gətirin və gübrə kimi bizim sahələrə səpin. Sözümün canı odur ki, bu torpaqların barı-bərəkəti çoxdur, əvəzsizdir. Rayonda tərəvəzçiliklə məşğul olan kəndlilər, xüsusi mülkiyyətçilər və fermerlər 3784 hektardan məhsul götürüblər və ötən illə müqayisədə məhsuldarlıq çox yüksəkdir.

Baramaçılığın keçmiş şöhrətinin qaytarılmasına çalışan, barama istehsalına görə ölkədə ön sırada dayanan Ağdam kümçüləri istəklərinə nail olurlar. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda məqsədyönlü işlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi Ağdam rayonunda diqqət mərkəzində saxlanılır.

Baramaçılıq vaxtilə  rayonda  inkişaf edən sahələrdən biri olub. 1980-ci illərdə hər il rayon üzrə 300 tondan artıq barama istehsal edilib. Lakin 1992-ci ildən sonra barama istehsalı dayanıb. Uzun fasilədən sonra ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın bərpa edilməsinə başlanılıb. Baramaçılığa və ipəkçiliyə aid Dövlət Proqramının təsdiq edilməsi ilə ölkəmizdə baramaçılığın inkişafında yeni mərhələnin başladığını söyləmək mümkündür.

Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilirlər. Çəmənli kənd sakini İradə İsmayılova təcrübəli kümçüdür, hər il yüksəkkeyfiyyətli yaş barama təhvil verir. Bəzi çətinliklərə baxmayaraq, qabaqcıl kümçü 423 kq yaş barama yetişdirib. Qazancı da yaxşı olacaq.

İmamqulubəyli kənd sakini Qnyaz Cəfərov bir neçə ildir ki, barama yetişdirməklə məşğuldur. Kümçü deyir ki, bu sahəyə olan dövlət dəstəyi, toxumların pulsuz paylanılması bizim üçün əlverişli şərait yaradır. Barama hazır olanda heç bir çətinlik çəkmədən təhvil verib, hər kiloqrama 9 manat ödəniş alırıq. Bu il 317 kq yaş barama təhvil vermişəm və qazancım da yüksək olacaq. Çəmənli kənd sakini İlham Salahov baramaçılığa dövlət dəstəyindən yararlanan insanlardan biridir. Təcrübəli kümçü deyir ki, kəndimizdə yaxşı yem bazası yaradıldığına görə çox adam baramaçılıqla məşğul olur. Bu il İlham dövlətə 124 kq yaş barama təhvil verib. Şübhəsiz ki, qazancı da yaxşı olacaq. Yeri gəlmişkən qeyd edək ki, ötən illə müqayisədə rayonda bu il 10902,4 kq, yəni 4,1 dəfə çox barama istehsal olunub.

Axşam düşsə də, adamların əli işdən soyumur. Gündüzün alovsaçan istisindən sonra kəndlilər ot tayası qurur, bağ-bostanı sulayır, yetişmiş meyvələr dərilir, bir sözlə, kənd arı pətəyi kimi qaynayır. Belə bir məsəl var, yayda zəhmət çəkənin qışda süfrəsi boş qalmaz.

Salman ALIOĞLU,

“Respublika”.