Yelmar Edilov
Sosial həyat

Yelmar Edilov

Yelmar Şahmar oğlu Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədətli kəndində dünyaya göz açmışdır. 1954-64-cü illərdə Əlimədətli kənd orta məktəbində təhsil almış, sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətdə olub. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu. Qarnizon birinciliyi uğrunda sambo yarışları zamanı zədələndiyindən hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirməyə başlayır. 1970-ci ildə təhsilini başa vuraraq M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəlir.

1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi.

1991-ci il… Kolanı obasının Əlimədətli, Əliağalı, Mollalar, Qalayçılar kəndləri erməni silahlı birləşmələri tərəfindən gecə-gündüz atəşə tutulurdu. Milli Ordunun olmaması səbəbindən əhali təhlükə altında idi. Ümid yerli özünümüdafıə dəstələrinin yaradılmasına qalmışdı. Belə bir vaxtda Y.Edilovun səyi nəticəsində Kolanı özünümüdafiə dəstəsi yaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə əsl rəşadət göstərirdi.

Yelmar Edilovun ilk döyüşü Qazançı kəndinin Sarıqaznaq adlanan ərazisinə idarə etdiyi kəşfiyyat taqımının hücumu ilə başlayır. Həmin döyüş nə qədər çətin olsa da, taqım həmin ərazini düşmən işğalından azad edə bilir. Döyüş müvəffəqiyyətinin sirri isə qəhrəmanın həmin ərazilərə qarış-qarış bələd olması olub. O, döyüşçülərinə xüsusi tapşırıq verir. Mən atəş açmayana qədər heç kim atəş açmasın və düşmənə mümkün olduğu qədər yaxınlaşaq. Əməliyyat tapşırdığı kimi də baş tutur, düşmənin mövqeləri ən yaxın məsafədən açılan sərrast atəşlərlə məhv edilərək postlar ələ keçirilir. Müdafiə zolağını yarmağı bacaran taqım həmin ərazidən hərəkət edərək cəbhənin dərinliklərinə sızır. Yelmar dəstəni arxada saxlayaraq özü düşmən zastavasında olan qüvvələri öyrənmək məqsədilə daha da irəli gedir. Və hərəkət etdiyi istiqamətdə düşmənin xeyli canlı qüvvəsi ilə rastlaşır. Düşmənlə göz-gözə gələn taqım komandiri özünü itirmir. Erməni hərbçilərinin yaxınlığındakı bulağın başına gəlib su içməyə başlayır. Erməni zabitləri elə zənn edir ki, Yelmar onların öz hərbçilərindəndir. O, suyu içdikdən sonra su qabını doldurub qəflətən ərazidən itir. Həmin zaman nə baş verdiyini anlamayan erməni hərbçiləri Yelmarın yoxa çıxdığı meşə zolağını gülləbaran edirlər.

Meşəyə səpələnən düşmən ordusu çaşbaş qalır, Yelmar isə onları getdiyi istiqamətə atəş əmri gözləyən taqımına tərəf gətirir və onları pusquya salaraq məhv edirlər. Döyüşün ən qızğın yerində Yelmara qardaşı Adilin yaralandığını deyirlər. Lakin komandir baş vermiş hadisəyə soyuqqanlı yanaşaraq, ölməyibsə, bir yerdə gizlədin və döyüşə davam edin, əmrini verir.

1993-cü ilin iyununda Yelmar yenidən komandanlıqdan mühüm göstəriş alır. "Şahbulaq" yüksəkliyi nəyin bahasına olursa-olsun erməni yaraqlılarından təmizlənməlidir. Plana görə əvvəlcə artilleriya atəş nöqtələrini susdurmalı, sonra isə üç istiqamətdən postlara hücum edib ərazini ələ keçirməli idilər. Yelmar deyilən vaxt öz dəstəsi ilə yüksəkliyin ətrafında mövqe tutur. Lakin artilleriya zərbələrindən heç səs-soraq da yox idi. Səhərin açılmasına az qalırdı. Komandir dəstənin mühasirəyə düşəcəyindən ehtiyat edirdi. Düşmən duyuq düşməmiş əməliyyatı keçirib, buranı tərk etmək lazım gəlirdi. Komandir dərhal hücum əmri verdi. Şiddətli döyüş başladı. Bu istiqamətdən mühasirəni yarıb xilas oldular. 1994-cü ilin yanvarında Yelmarın dəstəsi daha bir əməliyyat keçirməli oldu. Həmin döyüşdə düşmən xeyli canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilir.

11 aprel 1994-cü il… Cəsur komandirin son döyüşü… Sol cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2 tankını vurmağa müvəffəq olur. Böyük itkilər verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Gözlənilmədən Yelmarın yanında bir mərmi partlayır. Beləcə onun ömrü də, arzuları da qırılır. Cəsur komandir 48 yaşında gözlərini əbədi yumur. O, 7 övlad atası idi - beş oğul, iki qız.

Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Bakı şəhərində ikinci Şəhidlər Xiyabanında dəfn edilmişdir.

M.MİRZƏ,

"Respublika".