Yeni avtomobil yolları Şərqi Zəngəzurun hərtərəfli inkişafına güclü təkan verəcək
Siyasət

Yeni avtomobil yolları Şərqi Zəngəzurun hərtərəfli inkişafına güclü təkan verəcək

Kiçik Qafqaz dağlarının Murov silsiləsində, dəniz səviyyəsindən üç min metr yüksəklikdə yerləşən, Kəlbəcəri Göygöl rayonu ilə birləşdirən mühüm dağ keçidindən – Ömər aşırımından keçən yol Birinci və İkinci Qarabağ müharibəsinin ağır döyüşlərinə şahidlik edib. Xəyanətkarlılğın qurbanı olan, doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalan minlərlə soydaşımız erməni vəhşiliyindən qurtulmaq üçün bu yola pənah gətirib. Neçə-neçə yaşlı və gənc həmvətənimizin ömür yolu Ömər aşırımında əbədiyyətə qovuşub, onların narahat, nigaran ruhu ətrafdakı dağlarda, dərələrdə dolaşıb, ordumuzun zəfər yürüşünü gözləyib...

Ötən ilin payızında qəhrəman hərbçilərimiz erməni quldurlarını buradakı möhkəmləndirilmiş mövqelərindən qovub çıxarmaq üçün ölüm-dirim savaşına giriblər və Ömərə qalxmağı, irəliləməyi, Kəlbəcərin bəzi ərazilərini azad etməyi bacarıblar. Bu savaşda şəhid olanların xatirəsi qəlbimizdə əbədidir. Onların da, əvvəlki illərdə Ömərdə can qoymuş bütün həmvətənlərimizin də ruhu indi şaddır. Çünki bu aşırım da, ondan keçən yol da, Kəlbəcər də öz ixtiyarımızdadır. “...Biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”, – deyən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhz həmin yoldan keçərək işğaldan azad edilmiş Kəlbəcərdə, Laçında - öz sahiblərinə qovuşan vətən torpaqlarında olublar.

Ömər aşırımından keçən, əslində, keçilməz yol bir neçə ay ərzində genişləndirilib. Azərbaycan hərbi-siyasi vasitələrlə Kəlbəcər rayonunu işğaldan azad etdikdən sonra bu yola xidmət göstərmək üçün müvafiq tədbirlər həyata keçirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rayonun Çəpli kəndində “55 №-li Yol İstismarı” MMC-nin xüsusi mexanikləşdirilmiş yol sahəsini yaradıb və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilib. Zəruri təmir işlərinin aparılması nəticəsində Toğanalı - Ömər aşırımı - Kəlbəcər avtomobil yolunda Müdafiə Nazirliyinə, Sərhəd Xidmətinə  və digər qoşun növlərinə məxsus hərbi nəqliyyat vasitələrinin, habelə vətəndaşların  fasiləsiz hərəkəti təmin edilib. Dövlətimizin başçısının tapşırığına əsasən, hazırda tikintisi aparılan bu yol Kəlbəcərin vaxtilə şanlı-şöhrətli kurortu olmuş və işğalçı ermənilərin dağıdıb viran qoyduğu İstisuya qədər uzanacaq. Qarabağın inkişaf planı nəzərə alınaraq, layihə uzunluğu 80,7 kilometr təşkil edən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-4 hərəkət zolağı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir.

Yolun layihələndirilməsi zamanı mütəxəssislər Murovdağ silsiləsində həyata keçiriləcək inşaat işlərinin hərtərəfli təhlilini aparıblar. Bu zaman mövcud coğrafi şəraitin və relyefin xüsusiyyətləri ətraflı öyrənilib. Belə bir qənaətə gəlinib ki, ən müasir texnologiyalar tətbiq edilsə belə, qış fəslində güclü qar və şaxta olduqda yolun təhlükəsiz istismarında ciddi çətinliklər yaranacaq. Əgər inşaat işləri sərt qayalıqlar, sürüşmə zonaları nəzərə alınmaqla aparılarsa, onda 16.5 kilometrlik yol dolaylarla daha 15 kilometr uzanacaq. Mürəkkəb relyefdə 31.5 kilometrlik yolun tikilməsi əvəzinə mütəxəssislər həmin hissədə Murovdağ silsiləsinin altından 11.6 km-lik tunelin inşasını məqsədəuyğun hesab ediblər. Murovdağ silsiləsindən sonra isə 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yolboyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ silsiləsinin altından keçəcək tunelin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlətimizin başçısı həmin gün daha bir yol infrastrukturunun - uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin də təməlini qoyub. Ölkəmizin rəhbərinin sərəncamı əsasında birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı yolun üzərində alt keçidlər, körpü və 3 tunel inşa ediləcək. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcər və Laçın istiqamətində də yeni avtomobil yollarının tikintisində də qardaş Türkiyənin bu sahədə ixtisaslaşmış şirkətləri iştirak edirlər. 

Laçında və Kəlbəcərdə yaradılan yeni avtomobil yolları şəbəkəsi Şərqi Zəngəzur iqtisadi rayonunun dirçəlişinə və inkişafına güclü təkan verəcək, bu bölgəyə rahat gediş-gəlişi təmin edəcəkdir. Prezident İlham Əliyev mürəkkəb dağlıq relyefdə çox böyük maliyyə resursları tələb edən avtomobil yolları və onların üzərində tunellərin çəkilişinin vacibliyindən danışarkən deyib: “Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, - eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq”.

Erməni faşizmi üzərində qələbədən ötən müddətdə işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər dövlətimizin başçısının güclü iradəsinin və qəbul etdiyi mükəmməl siyasi qərarların bariz təcəssümüdür. Hazırda Qarabağın vahid nəqliyyat konsepsiyasının  tərkib hissəsini təşkil edən avtomobil yolları layihələri sürətlə icra edilməkdədir. Bu sahədə də işlər işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində koordinasiya edilir.

İşğaldan azad edilmiş ərazilərdə hazırda avtomobil yollarının inşası üzrə 10-a qədər layihə icra edilir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası haqqında” Sərəncamına uyğun olaraq Şuşa şəhərinə 2 avtomobil yolunun Zəfər yolu (uzunluğu 101,9 kilometr 2 hərəkət zolaqlı) və I texniki dərəcəli magistral avtomobil yolu (uzunluğu 81,6 kilometr 4 hərəkət zolaqlı), Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 kilometr, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,8 kilometr, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 kilometr, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 kilometr, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 kilometr, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 kilometr, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 kilometr, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 kilometr, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası ( 22 kilometr, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu işlər uğurla davam etdirilir. 28 kilometr uzunluğu olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddətdə - 2 ay ərzində 2-ci texniki dərəcəyə uyğun yenidən qurularaq istismara verilib.

Ekspertlər yol infrastrukturunun qurulmasının böyük sosial-iqtisadi və regional əhəmiyyət daşıdığını bildirirlər. Onların qənaətinə görə, müasir və çoxşaxəli yol-nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirəcəkdir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.