Yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Digər xəbərlər

Yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Tərtər rayonunda 2021-ci il oktyabr ayının 3-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlinin məlumatında bildirilir. Yeni yolun uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək yeni avtomobil yolunun 19 kilometrlik hissəsi II, 3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir.

Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 kilometrlik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsaslı inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra olunub. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Hazırda yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru, 9-22-ci kilometrlik hissəsində sadalanan işlərin icrası davam etdirilir. Bu çərçivədə yeni yol yatağı inşa edilib, hazırda yol əsasının tikintisi davam etdirilərək, yeni asfalt-beton örtüyünün döşənməsinə hazırlıqlar görülür. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 84 metr uzunluğa malik avtomobil körpüsünün tikintisi davam etdirilir. Körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14.5 metr təşkil edəcək. Artıq ərazidə qazma və svay bərkitmə işləri icra olunub, körpünün bünövrə və dayaqları inşa edilib. Hazırda körpünün aşırım tirlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.

Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.

Bəybala BƏYBALAYEV,

"Respublika".