Yeni Azərbaycan Partiyası 8 Noyabr - Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Siyasət

Yeni Azərbaycan Partiyası 8 Noyabr - Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Yeni Azərbaycan Partiyasının noyabrın 4-də təşkil etdiyi "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" mövzusunda konfransda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət qəbul edilib.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycanın qalib gələrək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş ərazilərini azad etdiyi Vətən müharibəsindən bir il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək bir neçə istiqamətdə Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə atəşə tutdu. Ermənistan rəhbərliyinin məkrli planının - yeni torpaqlar işğal etmək məqsədinin qarşısını almaq üçün Azərbaycanın əks-həmləyə keçməkdən və düşmənə layiqli cavab verməkdən başqa seçimi qalmadı.

44 gün davam edən Vətən müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusunun inamlı və qətiyyətli Zəfər yürüşü nəticəsində qazanılan Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparan şanlı Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərərək 300-dən çox yaşayış məntəqəsini, həmçinin mühüm strateji yüksəklikləri işğaldan azad etməklə müasir hərb tarixində yeni səhifələrə imza atdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olmaqla yanaşı, daha böyük itkilərin qarşısını almış oldu. Belə ki, Ermənistan üçtərəfli Bəyanata imza atmaqla Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu və ölkəmiz 30 ilə yaxın davam edən işğal faktına öz hərbi-siyasi gücü ilə son qoydu. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etməklə separatizmə son qoydu. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Şuşa şəhərinin azad olunduğu gün - noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib. Bu, ən yeni tariximizin parlaq səhifəsi olan Zəfər salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Vətən müharibəsindən sonra ötən bir ildə Azərbaycan tərəfindən atılan addımlar tarixi Qələbəmizin nəticələrinin iqtisadi, siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsini təmin edir. Artıq bütün dünya ictimaiyyətinə azad edilmiş ərazilərdə işğal dövrü ərzində törədilmiş dağıntıların miqyası, Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin, dini, mədəniyyət abidələrinin yerlə bir edilməsi, Ermənistanın misli görünməmiş ekoloji cinayətləri ilə tanış olmaq imkanı yaradılmışdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə ardıcıl və sistemli abadlıq-quruculuq işləri aparılır, kənd, qəsəbə və şəhərlərimiz, tarixi, dini və mədəni abidələrimiz bərpa edilir. Həmin ərazilərdə müasir yol infrastrukturunun yaradılması, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının inşası və digər addımlar uzun illərdir öz evlərindən didərgin salınan, hüquqları pozulan yüz minlərlə azərbaycanlının öz doğma yurduna dönməsinin - Böyük Qayıdışın qısa zamanda və ən yüksək səviyyədə həyata keçirilməsinə geniş imkanlar yaradır. Şübhəsiz ki, müasir bərpa-quruculuq konsepsiyaları əsasında reallaşdırılan tədbirlər - görülən işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına səbəb olacaq, 30 illik hərbi-siyasi əsarətdən xilas edilmiş ərazilərimizə yeni həyat və nəfəs verəcək. Lakin Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərin dəqiq mina xəritələrini verməkdən yayınması bərpa-quruculuq işlərinin həyata keçirilməsi prosesini ləngitməklə yanaşı, bu gün də insan tələfatına səbəb olur. Bununla da müharibə zamanı Azərbaycanın yaşayış məntəqələrini qadağan edilmiş silahlardan da istifadə etməklə atəşə tutaraq 100-dən artıq mülki sakinin ölümünə səbəb olan Ermənistan insanlığa qarşı yeni cinayətlərin baş verməsinə zəmin yaradır.

Artıq münaqişə və müharibə tarixə çevrilib - geridə qalıb, regionda post-müharibə dövrü başlayıb. Bu mərhələdə qarşılıqlı etimadın yaradılması, sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması mühüm vəzifə və prioritet kimi müəyyənləşdirilib. Azərbaycan uzun illər bölgədə sabitliyə, tərəqqiyə ciddi təhdid mənbəyi olan münaqişəni həll etməklə regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün geniş imkanlar yaradıb. Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq şəraitinin formalaşması, Cənubi Qafqazın bütün potensialı ilə işbirliyi məkanına çevrilməsi deməkdir. Bu isə həm Azərbaycan, həm Ermənistan, həm də region ölkələri üçün geosiyasi, geoiqtisadi cəhətdən faydalı və perspektivlidir, rifah və inkişaf vəd edir.

İndi mövcud reallıqlar fonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiq müəyyənləşdirilməsi, sülh şəraitində xalqların birgəyaşayışının təmin olunması mühüm çağırış kimi qarşıda duran əsas strateji vəzifələrdən biridir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşənləri yerinə yetirir, qəti və birmənalı mövqe sərgiləməklə müvafiq təkliflərlə, təşəbbüslərlə çıxış edir. Ermənistan da öz növbəsində dəqiq və konkret yanaşma ortaya qoymalı, üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməlidir.

Azərbaycan Respublikasının aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da beynəlxalq hüququn norma və prinsipləri əsasında regionda sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarına sadiqlik nümayiş etdirilməsinin vacibliyini qətiyyətlə bəyan edir. Hesab edirik ki, dünya ictimaiyyəti, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, siyasi partiyalar da Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməsinə səy göstərməlidir. Ermənistan Azərbaycanın regionda dayanıqlı etimad, etibarlı təhlükəsizlik və faydalı əməkdaşlıq mühitinin yaradılması ilə bağlı çağırışlarına müsbət yanaşmalı, bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına əsaslanan təşəbbüslərinə adekvat cavab verməlidir. Cənubi Qafqazda möhkəm sülh, barış və qarşılıqlı etimadın bərqərar edilməsi üçün bütün siyasi qüvvələri və təşkilatları birgə fəaliyyətə və səmərəli əməkdaşlığa çağırırıq".

AZƏRTAC