Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd olundu
Digər xəbərlər

Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd olundu

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül dəstələri düzüblər.

Tədbirdə YAP Mingəçəvir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyərək vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. YAP Mingəçevir şəhər təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, hazırda ərazi təşkilatlarının sayı 65-ə, üzvlərinin sayı 8 min 106 nəfərə çatıb.

Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yaranıb, həmin dövrdə ulu öndər Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası inkişaf edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə YAP-ın ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq partiyanın alternativsiz siyasi qüvvə olduğunu vurğulayaraq partiyanın ilk təşkilatının Mingəçevir şəhərində yaranma tarixindən bəhs etdi.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının veteran üzvü Cavanşir Yusubov, "Tələbə" Poliklinikasının baş həkimi Nurcamal Əsgərova və Qarabağ müharibəsi, Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədr müavini, Vətən müharibəsi qazisi Pərviz Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər.

Tədbirin sonunda Mingəçevir şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Zabit XƏLİLOV,

"Respublika".