Yeni Azərbaycan Partiyasının nümayəndələri Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Yeni Azərbaycan Partiyasının nümayəndələri Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət ediblər

Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri (YAP) 27 Sentyabr - Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət edib, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları üzərində gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, sonra YAP nümayəndələri Fəxri xiyabanın önündə qurulan monitorda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciətini izləyiblər. Dövlətimizin başçısının müraciəti alqışlarla qarşılanıb.

Daha sonra partiyanın nümayəndələri Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

YAP-ın nümayəndə heyəti tərəfindən Şəhidlər xiyabanı da ziyarət olunub, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

AZƏRTAC