Yeni davamlı inkişaf dövrünün başlanğıcı
Siyasət

Yeni davamlı inkişaf dövrünün başlanğıcı

2003-cü il oktyabrın 31-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimi keçirilib

2003-cü il oktyabr ayının 15-də ölkəmizin dövlətçilik tarixində mühüm tarixi hadisə baş verdi. Xalqın böyük fəallığı ilə keçirilən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazandı. Oktyabrın 31-də isə o, Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi, növbəti 5 il üçün ilk prezidentlik səlahiyyətlərinin icrasına başladı.

O illərin unudulmaz anlarını bu gün də xatırlayırıq. 2003-cü il oktyabrın 1-də Azərbaycan prezidenti Heydər Əliyev seçkilərdə namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndər Heydər Əliyevin inamı, xalqımızın etimadı sayəsində 15 oktyabr 2003-cü ildə keçirilən seçkilərdə seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Bununla da, müstəqil Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başladı. Andiçmə mərasimində: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm", - deyən Azərbaycan Prezidenti ölkəmizin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti illər üçün özünün əsas fəaliyyət prioritetlərini də açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!

Cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışını bir daha yada salaq: "Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs vermişdir. Mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm". Onun prezidentliyi ilə Azərbaycanda yeni inkişaf mərhələsi başladı və bütün sferalarda həyata keçirilən inqilabi islahatlar nəticəsində ölkənin ictimai-siyasi, dövlət idarəçiliyi, iqtisadi və digər sahələrində müstəsna əhəmiyyətə malik işlər görüldü. Keçən dövr ərzində müstəqilliyimiz daha da möhkəmləndi, ölkənin iqtisadi artımı nəzərəçarpacaq dərəcədə yüksəldi, ordumuz müasir tələblərə uyğun silahlarla modernləşdirildi. Həyata keçirilən bu genişmiqyaslı tədbirlər isə uzaqgörən siyasətin nəticəsi idi.

Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə, Heydər Əliyevin siyasi kursuna etimad göstərməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Təbii ki, ümummilli lider Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak edib, qalib gəlmək çətin və məsuliyyətli idi. Azərbaycan Prezidenti İlham Əliyev isə buna nail olmaqla bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunəsini göstərdi.

Ötən illər ərzində ölkə həyatında baş verən ictimai-siyasi proseslərə, qazanılan uğurlara diqqət yetirsək, ümummilli liderin vaxtilə böyük uzaqgörənliklə söylədiyi fikirlərin həyatda özünü doğrultduğuna şahid oluruq. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıran ulu öndərin müəllifi olduğu siyasi strategiyanın davamlılığının təmin edilməsi ölkəmizin gələcək uğurlarına zəmin yaratdı. Respublikamızın 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqeyini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən müvəffəqiyyətlə çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün oldu. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - deyərək fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" fikirləri real məzmun kəsb etməyə başladı.

Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirdi. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətirdi, bütün sahələrdə ölkəmiz inkişaf etdi, uğurlar qazandı. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu yüksəldi. Ölkəmiz dünya çapında özünəlayiq yerini tuta bildi. İndi Azərbaycanla hesablaşır, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu illər ərzində dövlət başçısının vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürüdür. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirdi. İnkişaf yolunda milli ideologiyamız əsas rol oynadı, Azərbaycançılıq məfkurəsi tam bərqərar oldu. O, lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də, tarix yazan güclü, rəşadətli ordusunda öz təsdiqini tapdı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi.

Mustafa KAMAL,

"Respublika".