YENİ DƏRS İLİ ƏRƏFƏSİNDƏ ŞƏHİDLƏRİN VƏ QAZİLƏRİN ÖVLADLARI İLƏ GÖRÜŞ
Region

YENİ DƏRS İLİ ƏRƏFƏSİNDƏ ŞƏHİDLƏRİN VƏ QAZİLƏRİN ÖVLADLARI İLƏ GÖRÜŞ

Yeni dərs ilinin başlanması ərəfəsində Kəlbəcər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları ilə görüş keçirilib. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid, qazi ailələri və övladları iştirak ediblər.

Tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin və qazilərinin şərəfli döyüş yolundan, onların 44 günlük Vətən müharibəsində göstərdiyi, fədakarlıqdan, rəşadətdən söz açaraq bildirib ki, şəhid qanlarının qisası düşməndən layiqincə alınıbdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirmiş, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirilmiş və tarixi zəfər qazanılmışdır. Eyni zamanda bildirilib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş ediblər. Məhz bunun nəticəsidir ki, respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır. Necə ki, Azərbaycan var, üçrəngli şanlı bayrağımız səmalarda dalğalanacaq, şəhidlər daima xatırlanacaqdır. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin əziz xatirəsini daima uca tutaraq, şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərir, onlara yüksək həssaslıqla yanaşırlar.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında rəşadətli ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Vətən üçün şəhid olanlara rəhmət diləyib və qazilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Şəhid ailələri və qazilərin məktəbli övladlarına, məktəbli çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub, yeni tədris ilində onlara dərslərində uğurlar arzulanılıb. Şəhid ailələri və qazilər onlara göstərilən diqqətə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".