Yeni dərs ilində yeni uğurlara doğru...
Region

Yeni dərs ilində yeni uğurlara doğru...

Cəbrayıl rayonu həmişə öz ziyalıları ilə fəxr etmişdir. Bu da təbiidir. Respublikamızın bu bölgəsində elmə-təhsilə daima böyük maraq olmuşdur və bu gün də var. Azərbaycanın  çoxmilyonlu təhsil ictimaiyyəti üçün  ən əlamətdar günlərdən biri - yeni tədris ilinin başlanması cəbrayıllılara sözün əsl mənasında bayram əhvali-ruhiyyəsi bəxş etmişdir. Rayon rəhbərliyi yeni dərs ili münasibətilə  təhsil ictimaiyyətini, müəllim, şagird və tələbələri, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və onların valideynlərini təbrik etmişdir.   

 Respublikamızda tədris ili sentyabr ayının 15-dən başlasa da, Təhsil Nazirliyinin qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu il də dərslər mərhələli şəkildə bərpa ediləcəkdir. 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaqdır.
Ötən tədris ilində  ənənəvi təhsil mümkün olmasa da, rayonda  ümumtəhsil məktəblərinin müəllimləri distant və digər formalarda məktəblilərin elmə, təhsilə yiyələnməsi üçün əllərindən gələni əsirgəmədilər. Elə bunun nəticəsidir ki, 2020-2021-ci tədris ili təhsil işçiləri üçün yaddaqalan oldu. Belə ki, bu il Cəbrayıl rayonunun ümumtəhsil məktəblərindən məzun olan 626 nəfər şagirddən 348 nəfəri respublikamızın müxtəlif ali təhsil ocaqlarına, 17 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunaraq, tələbə adını qazanmışdır. Onlardan 21 nəfəri 600-dən, 44 nəfəri isə 500-dən çox bal toplamışdır. Ən yüksək nəticəni isə 692,5 balla Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Kamil Nazim oğlu Əfəndiyev göstərmişdir. 

K.Əfəndiyevin göstərdiyi nəticə respublikada  4-cü qrup üzrə ən yüksək nəticədir. 2020-2021-ci tədris ilində rayon üzrə 43 nəfər fərqlənmə attestatı alıb, 1 nəfər respublika fənn olimpiadasının, 1 nəfər isə respublika fənn müsabiqəsinin qalibi olmuşdur.
Bu il Cəbrayıl müəllimlərinin üzərinə düşən məsuliyyət daha da artıb. Belə ki, Vətən müharibəsində qazandığımız şanlı qələbəmizin nəticəsi olaraq  “Zəfər tarixi” fənni tədris ediləcəkdir. Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri savadlı, intellektual dünyagörüşlü, bacarıqlı yeni kadrların yetişməsinə zəmanət verəcəkdir.

                                                 Tofiq HÜSEYN,

                                           “Respublika”.