Yeni dərs ilini eni məktəblərdə
Elm və təhsil

Yeni dərs ilini eni məktəblərdə

Yeni dərs ilinə həm də yeni tikilmiş məktəblərlə başlayırıq. Dövlətimiz hər zaman öz vətəndaşının sosial problemlərinin həlli yolunda mühüm addımlar atdığı kimi, eyni zamanda onun təhsilini də diqqətdə saxlayır, hər bir vətəndaşının keyfiyyətli təhsil alması üçün bütün mümkün şəraitləri yaradır. Bu səbəbdən də yeni tədris ili təhsilimiz üçün yeni dövr və çağırışlardan irəli gələn müasir imkanları ilə əlamətdar olacaq.

Son illər paytaxt Bakıda, ətraf kənd və qəsəbələrdə təhsilin inkişafı və yaxşılaşdırılması, yeni məktəb binalarının tikintisi diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə paytaxtda deyil, eyni zamanda regionlarda da müasir tipli məktəblərin tikilməsi, bütün avadanlıqlarla təchiz olunması işləri görülür. Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" 27 aprel 2022-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 15 milyon 650 min manat ayrılmışdır.

Bu il may ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 saylı tam orta məktəbin açılışında iştirak ediblər. Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində 113 saylı məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən sakinlərin müraciətinə əsasən bu qəsəbədə şagird sıxlığını nəzərə alaraq, yeni məktəb binasının tikintisinə göstəriş vermişdir. İstifadəyə verilən 304 nömrəli məktəbdə 960 şagird təhsil alacaq.

Avqustun 26-da isə Mehriban Əliyeva daha bir məktəb binasının - Xəzər rayonunun Binə qəsəbəsində inşa olunan 334 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Heydər Əliyev Fondu tərəfindən inşa edilən üçmərtəbəli, 800 şagird yerlik məktəb binası yeni dərs ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Ölkəmiz bu sahədə öndə olan dövlətlərdəndir.

Bu il sentyabr ayının 8-də Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa edilib. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, musiqi, rəsm, tibb otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kitabxana, yeməkxana, akt zalı yaradılıb. Elə həmin günü Prezident İlham Əliyev Bakı şəhəri, Suraxanı rayonunda yeni inşa edilmiş 87 nömrəli məktəb kompleksində də olub. 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdır. Yeni inşa olunan məktəb binasında eyni vaxtda 2304 şagird təhsil ala biləcək. İstifadəyə verilən məktəb binası 82 sinif otağından ibarətdir.

Sentyabr ayının 10-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Elm və Təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait və görülən işlər barədə dövlət başçısına məlumat verib. Tikintisinə 2020-ci ilin noyabr ayında başlanılan 1600 şagird yerlik tam orta məktəb 63 sinif otağı olan dördmərtəbəli binadan ibarətdir.

Tikilən yeni məktəb binalarının inşası şagird sıxlığını aradan qaldırmaqla yanaşı, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Əhalinin sayı artdıqca, yeni yaşayış massivləri çoxaldıqca, məktəblərə də tələbat çoxalır. Daha çox şagird sıxlığı olan ərazilərdə, məktəblərdə əlbəttə ki, yeni məktəb binalarının tikilməsinə zərurət yaranır. Belə ki, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binasının tikilməsi və əsaslı təmir olunması nəzərdə tutulub ki, bu məktəblərdən 30-u modul tipli olacaq.

Yeni dərs ilində tikilib istifadəyə verilən məktəblərdən biri də Abşeron rayonu, Saray qəsəbəsində inşa olunan 2 nömrəli tam orta məktəbdir. Açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. 1963-cü ildə tikilən məktəb 550 şagird yerlik olmaqla fəaliyyət göstərirdi. Son illər ərzində əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn şagirdlərin də sayı artmış, sıxlıq yaranmışdır. İnşasına 2021-ci ildə başlanılan, müasir və dünya standartlarına uyğun tikilən 2000 şagird yerlik məktəb binasında 70 sinif otağı var. Məktəbdə STEAM mərkəzi də yaradılıb.

Qeyd edək ki, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə ümumilikdə 484 731 şagird təhsil alacaq. Bunların da təkcə 46 200 nəfəri birinci sinif şagirdləridir. Sadaladığımız quruculuq işləri əlbəttə ki, övladlarımızın rahat, keyfiyyətli təhsil almasına xidmət edir. Savadlı, bilikli hər bir vətəndaş isə dövlətin gələcəkdə inkişafının uğurlu yüksəlişinin etibarlı qarantıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".