Yeni dünya nizamı və Azərbaycan
Digər xəbərlər

Yeni dünya nizamı və Azərbaycan

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Aparıcı beynəlxalq təşkilatlar cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməməsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi qurumların obyektivliyinə və prinsipiallığına kölgə salır. Etimadın olmadığı sferada isə ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Bu da regional müharibələrlə nəticələnir.

44 günlük müharibə də Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaya səbəb oldu. Azərbaycana məğlub olan Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur edildi. İrəvanın 30 illik işğal siyasətinə son qoyuldu. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırıb regionu əməkdaşlıq və təhlükəsizlik müstəvisinə çıxardı. Bununla da Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət tamamilə dəyişdi. Uzun illər ərzində qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevrilən Qafqaz regionunda sabitlik bərpa olundu. Bütün bunların davamı kimi hazırda Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları da Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasının qoyulduğunun əyani sübutudur.

Avropa qitəsində də Rusiya-Ukrayna müharibəsi fonunda yeni nizam formalaşır. Ötən il fevralın 24-də başlayıb bu günədək davam edən savaş həm Moskvanın, həm də Kiyevin daxili zəifləməsi ilə müşayiət olunur. Hər iki ölkənin siyasi və hərbi elitası yenidən formalaşır. Lakin bu müharibə təkcə 2 ölkə üzərindən şərh edilməməlidir. Belə ki, Zelenski Administrasiyasına göstərdikləri dəstək səbəbindən artıq Qərb də müharibənin bir parçasına çevrilib. Kiyevə hərbi yardım göndərən Avropa İttifaqı Kremlə sanksiyalar da tətbiq edir. Bu iqtisadi məhdudiyyətlər, ilk növbədə Moskvanı yox, qərbi zəiflədir. Qoca qitənin zəifləməsi fonunda isə Çin kimi güclər meydana çıxır. Bu da qlobal güc balansının dəyişməsinə, eləcə də dünya nizamının yenidən qurulmasına zəmin yaradır.

Hazırkı nizamın pozulması isə təbii olaraq dünyanı qlobal müharibəyə sürükləyir. Son dövrlərdə "III Dünya müharibəsi başlayacaqmı?" sualı ilə hamımız müxtəlif müstəvilərdə qarşılaşmışıq. Bu haqda yekdil və qəti cavab vermək hələ ki mümkün deyil. Doğrudur, müasir texnologiyaların, silah sənayesinin bu qədər inkişaf etdiyi dövrdə qlobal dünya savaşının başlanması heç də asan hesab olunmur. Lakin hər şey dünyanı idarə edən qüvvələrin nə qədər irəli gedə biləcəyindən asılıdır. Sözsüz ki, yeni bir dünya müharibəsinin başlamasında hazırda Rusiyanın atacağı addımlar xüsusi əhəmiyyət kəsb edir. Çünki Moskva rəsmiləri müəyyən fasilələrlə nüvə silahından istifadə məsələsini gündəmə gətirirlər. Rusiyanın beynəlxalq arenadan tamamilə uzaqlaşması bahasına belə bir qərar verib-verməyəcəyini proqnozlaşdırmaq Ukraynada davam edən müharibə fonunda mümkün deyil. Bununla belə, II Dünya müharibəsinin sonunda ABŞ-ın Xirosima və Naqasakiyə atom bombaları atacağını da heç kəs təsəvvürünə gətirə bilməzdi. Odur ki, indiki dövrdə bütün ehtimalların reallaşması mümkündür. Çünki hazırda dünya əvvəlki konfiqurasiyasından xeyli uzaqlaşıb.

Lakin dünya nizamının pozulmasına təkcə müharibələr səbəb olmur. 2019-cu ildə ortaya çıxan "COVID-19" virusu da dünyanı dəyişdirən başlıca amillərdəndir. Pandemiya, eləcə də baş verən təbii fəlakətlər və regional müharibələr göstərir ki, öz gəmisini xilas edən kapitan olur. Yeni dünyada güc balansının kimlərin xeyrinə və necə dəyişəcəyini bilmirik. Odur ki, qlobal nizamın yenidən formalaşdığı dövrdə ölkələr əvvəlcə siyasi nüfuzlarını və iqtisadi güclərini bərpa etməli, beynəlxalq tərəfdaşlarını düzgün seçməlidirlər.

Hazırkı proseslər onu deməyə əsas verir ki, formalaşmaqda olan yeni dünya nizamında Avropa İttifaqı, Almaniya və Fransa güc itirəcək. Siyasi cırtdana çevriləcək Qərbi Avropanı isə ABŞ tam nəzarətinə ala bilər. Yəni ABŞ və Böyük Britaniya vahid mərkəzə çevriləcək. Onların Asiyadakı əsas oyunçusu isə Yaponiya olacaq.

Azərbaycan da dünyada beynəlxalq arxitektura çökərsə, buna hazır olduğunu bəyan edir. Prezident İlham Əliyev tərəfindən yürüdülən xarici siyasət kursunun geosiyasi reallıqlarla uğurla uzlaşdırılması yeni çağırışlara inteqrasiya yolunda əsas rol oynayır.

Jalə QASIMZADƏ,

"Respublika".