Yeni əsrin, yeni dövrün Azərbaycanı
Siyasət

Yeni əsrin, yeni dövrün Azərbaycanı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət etmişdi

Həmin müraciət ümummilli liderin öz xalqına müraciətindən ibarət deyildi, həm də Azərbaycanın, onun vətəndaşlarının işıqlı gələcəyinə olan inamından irəli gələn güvəni idi. Çünki müasir Azərbaycan tarixinin son 30 ildən artıq bir dövründə ölkəyə rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs, ənənə yaratmışdır ki, onun ümid, güvən işığı hələ çox parlayacaq, Azərbaycanımızı nura qərq edəcəkdir. Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Heydər Əliyev öz dövləti, milləti ilə fəxr etdiyi kimi, həm də bütöv Azərbaycan görmək arzusunda idi. Elə o səbəbdən də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bünövrəsini, əsasını qoydu. Millətimiz artıq əlamətdar günlər sırasında bu əziz bayramı da böyük coşqu və sevgi ilə qeyd edir. Memarı olduğu Azərbaycanın tarixinə daha bir tarix yazmışdır ulu öndər. Bu mühüm addım dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli liderimizin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirirdi.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ümummilli liderimiz xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərinin birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır".

Bəli, Heydər Əliyev xalqına, millətinə özü qədər inanırdı. Yəni yeniləşən, möhtəşəm Azərbaycan görmək onun ən ümdə arzusu idi. Elə bu səbəbdən də 29 dekabr 2000-ci ildə xalqa müraciətində deyirdi: "Möhtərəm həmvətənlər! Əziz bacı və qardaşlar! Azərbaycan Respublikasının vətəndaşları!

 Yeni ilin, yeni əsrin, yeni minilliyin ərəfəsində sizi - bütün Azərbaycan xalqını, müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşını, ölkəmizin hüdudlarından uzaqlarda yaşayan soydaşlarımızı bu əlamətdar hadisə münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoş əhvali-ruhiyyə və səadət arzulayıram. Dünyanın hər yerində yeni minilliyin və yeni əsrin başlanmasına həsr olunmuş çoxsaylı konfrans, forum və müxtəlif simpoziumlar keçirilməkdədir.

 Bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsr başa çatır, onunla birlikdə tarixin ikiminillik dövrünə yekun vurulur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır. Hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da sözsüz ki, belə tarixi hadisənin məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi duyur. İki əsrin şahidi olmaq səadəti hər insana nəsib olmur. Bu, bizim payımıza düşübdür".

Bəli, bu səadət, şərəf və şərəfli bir tarixdə yaşamaq biz nəslin, bizdən öncəki və bizdən sonrakıların da taleyinə yazılıb. Ən möhtəşəm uğurumuz müstəqil Azərbaycan dövlətinin yaranması sevincini yaşamaq oldu. Əlbəttə ki, ulu öndərin də dediyi kimi, XX əsrin sonlarındakı faciələri, ağrıları yaşamaq da payımıza düşdü. Ağrısı, acısı, sevinci, fərəhi, elmi tərəqqisi, yüksək iqtisadi inkişafı ilə ikinci minilliyi yola saldıq. Amma üçüncü minilliyə də böyük ümidlərlə, inamla qədəm qoyduq. Ən ümdəsi 30 illik Qarabağ işğalına son qoyuldu. Biz öz torpaqlarımıza qayıtdıq. 1 milyon məcburi köçkünün yurd həsrətinə son qoyuldu. Azərbaycan müstəqil dövlət kimi qloballaşmanın inkişafına öz töhfəsini verir. Bu gün ölkəmiz dünya miqyasında əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək Şərq və Qərb arasında körpü rolunu oynayır. Azərbaycan artıq dünya miqyasında nəhəng neft ölkələrindən birinə çevrilir. Ən əsası isə biz öz bütöv Azərbaycanımızın, toxunulmaz sərhədlərimizin sahibiyik. Azərbaycan bu gün yalnız iqtisadiyyat sahəsində deyil, elm və tərəqqidə, səhiyyədə, idmanda və mədəniyyət sahəsində də öz sözünü deyərək yeni uğurlara imza atır. Bax, elə bütün bu uğurlu gələcəyi görən ulu öndər Heydər Əliyev deyirdi: "Dünyada heç bir çətinlik əbədi deyildir. Tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalmışdır. Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaqdır.

Yaşasın azad, müstəqil, demokratik Azərbaycan!".

Ramidə YAQUBQIZI,

"Respublika".