Yeni evlərdə gələcək arzular
Sosial həyat

   Yeni evlərdə gələcək arzular

Vətən müharibəsində hər gün Ağdam rayonu ərazisinə düşmən tərəfindən yüzlərlə mərmi atılıb, dinc insanlar həlak olub, evlər dağılıb, təsərrüfatlara ziyan dəyib, infrastruktur zədələnib. Buna baxmayaraq, adamlar öz evlərini tərk etməyiblər, hər çətinliyə sinə gəriblər, ordumuza dəstək olublar. Yüzlərlə ağdamlı gənc döyüşün ön sıralarında gedib, şücaət göstərib. Ağdamda uşaqdan tutmuş böyüyə qədər hamı ordumuzun düşmən üzərindəki qələbə uğurları ilə nəfəs alır və hamı bir nəfər kimi dövlət başçısının ətrafında yumruq kimi birləşib. Ağdamın işğaldan azad edilməsi xəbərinə təbii ki, ağdamlılar daha çox sevinir, ordumuzun qələbəsi ilə haqlı olaraq  fəxr edir.

Vətən müharibəsi davam edən günlərdə rayonun əlimizdə qalan hissəsində ermənilərin artilleriya atəşi nəticəsində onlarla ev dağılır, dinc sakinlər həlak olurdu. Erməni bombaları adamların inamını, qürurunu, gələcək arzularını sındıra bilmədi. İki müharibə görən ağdamlılar düşmənin raket zərbələrindən əyilib qorxmurdular, necə deyərlər, qamətlərini şux saxlaya bilirdilər.

Qalib Ali Baş Komandan İlham Əliyevin müharibə gedə-gedə dediyi inamlı sözlər ağdamlılara böyük bir ruh verib, onlar bir ağızdan deyiblər ki, yüz belə ev-eşik əsgərimizin, zabitimizin bir tükünə qurban, bizə ev yox, torpaq lazımdır, yurd yerinə dönməyimiz lazımdır. Vətən müharibəsində rayon ərazisində yüzlərlə ev dağılıb, infrastruktura ciddi ziyan dəyib. Yeri gəlmişkən qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 rayon və şəhər ərazisində apardığı yenidənqurma və təmir-tikinti işləri sürətlə davam edir.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli  Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12 mindən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb.

Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir. Bununla yanaşı 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur. Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.

Vətən müharibəsi zamanı işğalçı Ermənistanın bombardmanı nəticəsində Ağdamda ümumilikdə 1560 mülki tikiliyə ziyan dəyib. Ötən dövr ərzində 20 dağıdılmış fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, 8 evin tikintisi isə davam edir.

Dağıdılmış 5 qeyri-yaşayış obyektinin inşası aparılır. 1000-ə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Rayonun Xındırıstan kəndində tam bərpa edilən yeni və müasir evlər sahiblərinə təhvil verilib.

Kənd sakinləri Azərbaycan dövlətinin onlara göstərdiyi bu diqqət və qayğıdan xüsusi məmnunluqlarını bildiriblər. Sakinlər qeyd ediblər ki, istər müharibə zamanı, istərsə də sonrakı dövrdə daim dövlətin qayğısını hiss ediblər. Yeni eviniz mübarək! İşığı gur yansın, nəvə-nəticə toyu görəsiniz!

      Salman ALIOĞLU,

         “Respublika”.