Yeni inşa olunan məktəblər
Region

Yeni inşa olunan məktəblər

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır".

Dünyada bütün sahələrdə olduğu kimi, təhsildə də geniş inteqrasiya zərurəti yaranmışdır. Təcrübə göstərir ki, interaktiv təlim metodları dərsin keyfiyyətini artırmaqda mühüm vasitədir. Bu metodlar dərsi maraqlı və cəlbedici edir. Şagirdlərin yaradıcılıq qabiliyyətinin formalaşmasına, təlimin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində respublikada yüzlərlə yeni və müasir məktəb tikilərək istifadəyə verilib. Həmin layihə çərçivəsində Cəlilabad rayonunda da yeni məktəb binaları inşa olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun Sərhədabad və Söyüdlü kəndlərində inşa edilən məktəb binalarında görülən işlərlə tanış olub. Qeyd edək ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Sərhədabad kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olan əvvəlki binasında söküntü və yeni inşa ediləcək məktəb binasının bünövrəsi üçün qazıntı planlama işləri aparılır. Yeni inşa ediləcək məktəb binası birtipli layihə əsasında 360 şagird yerlik olmaqla inşa ediləcək. Binanın tikintisinə sinif otaqlarından əlavə açıq və qapalı idman zalları, akt zalı, laboratoriya otaqları və kabinetlər daxildir.

Söyüdlü kənd ümumi orta məktəb binası isə Prezident İlham Əliyevin 2022-ci il 16 may tarixli Sərəncamına əsasən tikilir. 96 şagird yerlik modul tipli məktəb binası 9 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Hazırda məktəbin binasında daxili tamamlama işləri görülür. Təbii ki, bu diqqət və qayğıya rayonun təhsil işçiləri və şagirdlər layiqli töhfələrlə cavab verirlər. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Cəlilabad rayonunda da hər zaman hiss olunur.

Kənd əhalisi yeni məktəb binalarının tikintisini razılıq hissi ilə qarşılayırlar. Məktəb kollektivləri və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Ərəstun ABDULOV,

"Respublika".