Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ziyarət edilib
Sosial həyat

Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Emil Rafiq oğlu Şamilovun ailəsini ziyarət edib.  

İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, nazirlik tərəfindən ailə bu günlərdə Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində 3 otaqlı mənzillə təmin edilib. Yeni mənzildə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, qəhrəman Vətən övladlarının, həmçinin E.Şamilovun göstərdiyi şücaətlərdən danışılıb.

Karate idman növü üzrə dəfələrlə respublika və beynəlxalq səviyyəli turnirlərin qalibi olan E.Şamilov Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi təyinatlı kimi iştirak edib və döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının sərəncamları ilə  E.Şamilov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Görüşdə şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanan V.Behbudov ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını vurğulayıb. Şəhid ailəsinə digər sahələrdə də dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.

“Respublika”.