Yeni regional geosiyasi və geostrateji reallıqlar
Digər xəbərlər

Yeni regional geosiyasi və geostrateji reallıqlar

Avropa İttifaqı Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır

"Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunması Avropa İttifaqı üçün vacibdir". Bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu il iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşü oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunlarına dair mətbuata verdiyi bəyanatda qeyd olunurdu ki, bu, bizim bu formatda dördüncü görüşümüz idi. Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik, açıq və məhsuldar fikir mübadilələrimizlə  gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Aİ Şurasının prezidenti həmçinin deyib: "Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır".

Qeyd etmək lazımdır ki, Brüsseldə təşkil edilən üçtərəfli görüş Avropanın regionda təsir imkanlarının və nüfuzunun daha da artmasından xəbər verir. Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu mötəbər beynəlxalq qurumun rəsmi mövqeyi regionda qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Burada Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar böyük əhəmiyyətə malikdir. Məhz buna görə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə keçmiş "Dağlıq Qarabağ" probleminə və ATƏT-in Minsk qrupuna istinadın olmaması bir daha dövlətimizin xarici siyasətdəki böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Mühüm məqamlardan biri hər iki tərəfin razılaşdığı gündəliyin olması, ardınca gələcək sülh sazişi üzrə danışıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası, habelə nəqliyyat əlaqələri və digər məsələlər üzrə birgə komissiyanın yaradılmasıdır. Eyni zamanda Aİ minaların təmizlənməsinə dəstək vermək səylərini və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunması üçün zəruri addımları davam etdirməyə hazır olduğunu bildirib, eyni zamanda müsbət və konstruktiv ictimai ritorika vasitəsilə əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini diqqətə çatdıraraq münaqişənin nəticələrinin, digər humanitar məsələlərin həllinə yardımını təklif edib.

Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, eyni zamanda Avropa İttifaqı ölkələrinin diqqət mərkəzindədir. Belə ki, Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycanın yaratdığı yeni regional geosiyasi və geostrateji reallıqlar isə bu proseslərin əsas istiqamətini və dinamikasını müəyyən edir. Avropa İttifaqının bu regiona olan marağı, ilk növbədə, Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın getdikcə artan rolu ilə bağlıdır. Hazırda XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatdırılır. Bu il yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu rəqəmin 9 milyarda, 2023-cü ildə isə 11 milyarda çatacağı nəzərdə tutulur. Nəzərə alsaq ki, hələ ötən ilin dekabrında, layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır, təbii ki, Avropa belə bir layihənin təhlükəsizliyi barədə düşünməli, həm də bu təhlükəsizliyin təminatı istiqamətində müvafiq addımlar atmalıdır. Bütün bu məsələlər də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində ətraflı şəkildə öz əksini tapıb.

Azərbaycan müstəqillik illərindən etibarən Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. 2009-cu ildən tərəflər arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanla Aİ arasında bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığın 15 ilə yaxın tarixi var. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Bu müddət ərzində 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bütün bunlar Avropanın enerji xəritəsini tamamilə dəyişdirib. Neft hasilatı ilə başlayan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin tikintisi, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə davam edib. Artıq iki ildir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bütün bunlar Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunun bariz nümunəsidir.

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Anlaşma Memorandumunun imzalanması çox mühüm tarixi hadisə olmaqla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun növbəti təzahürü, Aİ ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirib ki, memorandum Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək: "Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi. "Bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Forumda deyib. Dövlət başçısı qeyd edib ki, bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. "Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb. Dövlət başçısının Bəyanatında vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir.

Bütün bunlar belə deməyə əsas verir ki, Avropa İttifaqının regiona xüsusi diqqəti artır. Sülh gündəliyi əsasında keçirilmiş danışıqlar öz praktiki nəticələrini verməkdədir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sülh müqaviləsi üçün Ermənistana təqdim etdiyi beş baza prinsipi beynəlxalq hüququn fundamental normalarına söykənir. Bu prinsiplərin Ermənistan tərəfindən qəbul olunması əsasında sülh müqaviləsinin imzalanması mümkündür. Rəsmi Bakı istənilən formatda danışıqları dəstəkləyir və mühüm nəticələrin əldə olunmasına çalışır. Sülh gündəliyindəki məsələlər dəyişməz olaraq qalır və danışıqlar predmetinə humanitaryönümlü məsələlər də aiddir. Xüsusən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi Azərbaycan üçün əhəmiyyət kəsb edir. Brüsseldə keçirilən danışıqlarda bir sıra irəliləyiş əldə edilib və rəsmi İrəvanın 5 baza prinsipinə müsbət yanaşması müşahidə olunur. Ekspertlərin qənaətinə görə, rəsmi Bakının beş bəndlik sülh danışıqları təklifi müzakirə edilərkən Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tezləşməsini istəyir. Bu mənada istisna deyil ki, Cənubi Qafqazda sülh istəyən Avropa İttifaqı sözügedən təkliflərin qəbulu yönündə Ermənistana təsir edəcək. Məhz bu halda regionda davamlı sülhün mövcudluğu üçün lazımi şərtlər daha tez formalaşa bilər. Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Cənubi Qafqazın sabit, təhlükəsiz şəraitdə inkişaf etməsində maraqlı olduğunu hər zaman bəyan edir. Azərbaycan Avropa İttifaqının bu yanaşmasını təqdir edir, bu qurumun ölkəmizlə Ermənistan arasında vasitəçilik niyyətini alqışlayır. Avropa İttifaqı hesab edir ki, sərhədlərin müəyyən edilməsi, kommunikasiya xətlərinin bərpası, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da imzalanmış üçtərəfli bəyanatlardan irəli gələn şərtlərin icrası regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında böyük önəm kəsb edir. Bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tezləşməsi baxımından da olduqca mühümdür. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanmasının tezləşməsi istiqamətində Avropa İttifaqının qarşıdakı dövr ərzində daha fəal siyasət yürüdəcəyi şübhə doğurmur. Bu, Avropa İttifaqının regional əlaqələr baxımından da zəruri əhəmiyyət kəsb edir. Avropa İttifaqı Cənubi Qafqaz regionunun sabit, dinamik inkişaf tempinə malik olmasında maraqlıdır.

Mustafa KAMAL,

"Respublika".