Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verilib
İQTİSADİYYAT

Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verilib

Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verilib

Noyabrın 2-də SOCAR Tower-də SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbiri keçirilib. SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun 2016-cı ildə buraxılmış ilkin SOCAR İstiqrazları ilə bağlı hesabat xarakterli nitqindən sonra videoçarx nümayiş olunub.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR İstiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov və Bakı Fond Birjasının sədri Eldar Abdullayev çıxışlarında SOCAR İstiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs etmiş, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulamışdı.  Əksəriyyəti fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon dollar məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndirmişlər.

Xatırladaq ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4.5%-dir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış “SOCAR İstiqrazları” köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Bəybala BƏYBALAYEV,

“Respublika”.