Yeni texnologiyalar xidmət keyfiyyətini yüksəldir
İQTİSADİYYAT

Yeni texnologiyalar xidmət keyfiyyətini yüksəldir

Son illər ölkəmizin enerji sektorunda islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət nəticəsində sosial məsələlərin həlli, o cümlədən əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı baxımından olduqca mühüm layihələr həyata keçirilir. Ölkəmizdə yarımstansiyaların müasir səviyyədə yenidən qurulması və Azərbaycanda enerji sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi uğurlu nəticələrə nail olunmasına şərait yaratmışdır.

Yarımstansiyaların əsaslı şəkildə yenidən qurulması və onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ sahənin tətbiqinə nail olunur.

Yarımstansiyaların strateji əhəmiyyəti nəzərə alınaraq, onun səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılması, istismar xərclərinin azaldılması, energetiklər üçün səmərəli iş şəraitinin yaradılması tam təmin olunur.

Bakının Səbail rayonunda energetika sektorunda son illər hansı müsbət dəyişikliklər baş vermişdir? Biz bu məqsədlə rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli energetik Ramil Məmmədova müraciət etdik. Müsahibimiz bizi maraqlandıran məsələlərlə aydınlıq gətirərək dedi:

—Rayon ərazisində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchizatına maksimum səy göstərilir, xüsusilə iş prosesində müasir texnologiyaların tətbiqinə üstünlük verilir. Şübhəsiz ki, bu da yığım faizinin artmasına, xidmətin abonentlər tərəfindən razılıqla qarşılanmasına imkan yaradır.

Rayon Enerji Təchizatı və Satışı İdarəsi 3 mərtəbəli və hər cür uyğunluğa malik olan binada yerləşir. Bu da işin ahəngdar getməsində mühüm rol oynayır.

2021-ci ildə energetiklər ikiqat səylə çalışır, qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirirlər. Cari ilin 7 ayı arxada qalmışdır. Həmin müddətdə əldə olunan nəticələr qənaətbəxşdir. İşin operativliyi təmin olunduğundan avqustun 1-dək 70 ədəd 6-10 kv-luq və 600 ədəd 0,4 kv-luq dayaqlar rənglənmişdir.

İlin 7 ayında 6 kv-luq Krun Karyer hava xətti yenidən qurulmuş, müxtəlif ərazilərdə 3 min metr naqil yenisi ilə əvəz olunmuş, 150 ədəd izolyator dəyişdirilmiş, 2500 metr yüksəkgərginlikli kabel xətti çəkilmiş, satılan enerjinin dəyəri 100,7 faiz təşkil etmiş, 1500 ədəd ESM Smart tipli sayğac quraşdırılmış və digər nailiyyətlər qazanılmışdır.

Rayonun ərazisində əhali sektorunda 40551, qeyri-əhali sektorunda isə 5500 abonent qeydə alınmışdır.

Abonent Etirazları Komissiyasının fəaliyyəti də təqdirəlayiqdir. Müəyyən problemlərlə üzləşən abonentlər komissiya tərəfindən qəbul olunur və xidmət işi onları razı salır.

Ramil Məmmədov sözünə davam edərək vurğuladı ki, idarədə gənc kadrların seçilib yerləşdirilməsinə də qayğı göstərilir. Bu isə öz səmərəsini verir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığını uğurla həll etmək, təcrübəli kadr potensialını yüksəltmək üçün bir neçə il öncə “Azərişıq” ASC tərəfindən Tədris Mərkəzi yaradıımışdır. Məhz buna görə də idarədə çalışan kadrlar mərkəzə ixtisasartırma kurslarına göndərilir, onlar elektrik şəbəkəsində istifadə olunan müasir texniki avadanlıqları öyrənir və uğurla tətbiq edirlər.

Qədir ASLAN,

“Respublika”.