Yerli istehsalın stimullaşdırılması daha böyük inkişaf perspektivləri vəd edir
Digər xəbərlər

Yerli istehsalın stimullaşdırılması daha böyük inkişaf perspektivləri vəd edir

Respublikamızda son 19 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli sayda yeni iş yerləri açılmışdır.

Müstəqilliyinin ilk illərində respublikamızın sənaye müəssisələri vahid bazarın dağılmasının, regionda baş verən mürəkkəb geosiyasi proseslərin destruktiv təsirlərinə məruz qaldı. Bu, ilk növbədə sənayenin inkişafına daha cox təsir göstərdi. Baş vermiş böhran, siyasi sistemin tənəzzülü, kooperasiya əlaqələrinin dağılması, eləcə də torpaqlarımızın Ermənistan tərəfindən işğalı iqtisadiyyatın bütün sahələrində və sənaye istehsalında böyük tənəzzülə səbəb oldu. Müəssisələrin fəaliyyəti dayandı, sənaye istehsalının həcmi azaldı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə ərazisində hərbi əməliyyatlar dayandırıldı, milli dövlətçiliyin dağılmasının qarşısı alındı, siyasi sabitlik təmin olundu və islahatlara başlanılması ilə yeni bir mərhələyə keçid mümkün oldu. Sənayenin canlanması xüsusilə, bu tarixi mərhələdə imzalanan "Əsrin müqaviləsi" ilə başladı. Həyata keçirilən islahatlar qısa müddət ərzində ölkədə siyasi sabitliyin bərqərar olmasına imkan verdi. 1997-ci ildən başlayaraq sənaye istehsalında artım müşahidə edildi. Sənaye mülkiyyətinin özəlləşdirilməsinə, Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa nail olundu. Bu tədbirlər Azərbaycanın müstəqil dövlət kimi bazar iqtisadiyyatına keçdi və onun institutlarının yaradılmasını təmin etdi. Beynəlxalq əhəmiyyətli “Əsrin müqaviləsi”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, TRASECA layihələrinin icrasına başlanıldı.

Azərbaycan hazırda yeni sənaye dövrünə qədəm qoyub. Ölkə iqtisadiyyatının qarşısında duran vacib vəzifə sənayenin inkişafının təmin edilməsi, modernləşdirilməsi, səmərəliliyinin artırılması və istehsal keyfiyyətinin inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırılmasıdır. Bu məqsədlə bəzi emal sənayesi sahələrinin klasterləşməsi üçün texnoloji və məhsul innovasiyalarının işlənilməsi zəruridir. 90-cı illərin əvvəllərində Azərbaycan sənayesi həm məhsulların çeşidi, həm də keyfiyyəti baxımından inkişaf etmiş ölkələrin sənayesindən xeyli geridə qalırdı. Lakin bu gün yüksəkkeyfiyyətli sənaye avadanlığı, texnologiya, yeni növ materiallar və qida məhsulları ilə ölkə sənayesi regional bazarlarda mövqeyini genişləndirməkdədir. Uğurlu iqtisadi şaxələndirmə sənaye nomenklaturasını dəyişdirmiş və sənaye texnologiyalarının keyfiyyətini yaxşılaşdırmaqla ölkənin müasir brend məhsullarının dünya bazarlarında rəqabət qabiliyyətini artırmağa imkanı yaratmışdır.

Ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bütün bunlar isə sənayenin mütərəqqi metodlar və müasir texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi sayəsində reallaşır. Sənaye müəssisələrində istehsalın səmərəliliyinin yüksəldilməsi üçün innovasiyayönümlü metodlardan, qabaqcıl texnologiya və modern texnikadan istifadə edilir. Elmi-tədqiqat nailiyyətlərindən yararlanmaqla yeni məhsulların istehsalının təşkili, istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi, rəqabətədavamlılığının artırılması dövrün tələbinə çevrilib. Bunlar isə sənayenin inkişafını, xüsusilə də qeyri-neft sənayesinin artımını şərtləndirməklə, həm də əhalinin həyat səviyyəsinin yüksəlməsinə, tələbatının yüksək səviyyədə ödənilməsinə xidmət edir. Mütərəqqi metodların tətbiqi, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə sənayenin inkişafı da məhz ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib. Bu baxımdan, ölkənin müxtəlif regionlarında innovativ texnologiyaların tətbiqi ilə sənaye zonalarının yaradılması mühüm əhəmiyyətə malikdir. Paytaxtla regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılmasında, müasir müəssisələrin fəaliyyəti ilə bölgələrin sənayeləşmədə rolunun, əhalinin məşğulluğunun artırılmasında sənaye zonaları əlverişli mexanizmlərdəndir.  Regionlarda iqtisadi fəallığın getdikcə güclənməsi, yeni istehsal sahələrinin yaradılması da ümumi inkişaf prosesinə təkan verir.

Son illərdə Azərbaycanda sənayenin  inkişafı daha aydın  müşahidə olunur Dövlət başçımızın imzaladığı sərəncamlar əsasında reallaşdırılan islahatların nəticəsi olaraq ölkə üzrə müasir sənayenin inkişafı üçün bütün şərtlər təmin edilib. Ötən dövrdə ölkə üzrə yerli xammala əsaslanan sənaye müəssisələrinin və ümumi təyinatlı sənaye parklarının fəaliyyətinin müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu layihələrin icrası ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramlarının icrası ölkəmizdə sənaye məhsulu istehsalını bir neçə dəfə artırıb.

Ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan inkişaf meyilləri bu gün də davam edir, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı getdikcə artır. Əldə edilmiş uğurların əyani təcəssümü olan makroiqtisadi göstəricilər Azərbaycanın inkişaf sürətinə görə dünya öncülləri sırasındakı mövqeyini qoruyub saxlayır. Bütövlükdə isə istehsal sahələrində məhsul buraxılışının həcminin artırılması, investisiya fəallığının daha da gücləndirilməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını getdikcə möhkəmləndirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə ölkəmizdə  sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 64,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,4 faizi emal, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Sözsüz ki, ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Neft strategiyasının uğurla reallaşdırılması, yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın mühüm sahəsi olan sənayeyə daha böyük inkişaf perspektivləri vəd edir. 

                                                                                  M.MİRZƏ, 

                                                                               “Respublika”.