Yerli özünüidarəetmə orqanlarının formalaşmasının təməli
Digər xəbərlər

Yerli özünüidarəetmə orqanlarının formalaşmasının təməli

12 dekabr 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında ilk dəfə bələdiyyə seçkiləri keçirilmişdir. Ölkəmizdə yerli özünüidarəetmə orqanlarının formalaşması və inkişafı üçün təməl rolunu oynayan bələdiyyə institutunun yaradılmasından 23 il ötür.

Xatırladaq ki, ilk bələdiyyə seçkilərinə hazırlıq dövründə püşkatma yolu ilə 74 ərazi və 4683 məntəqə seçki komissiyası yaradılmış, komissiyaların tərkibində 90 min nəfərdən artıq vətəndaş isə seçkinin təşkili ilə məşğul olmuşdur. Seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyəyə üzvlük üçün müraciət etmişdir. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdur. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak etmişdir. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilmişdir. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi yaradılmışdır. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatmışdır.

O dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində demişdir: "Bələdiyyələrin yaranması və onlara seçkilər keçirilməsi barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir. Eyni zamanda son 4 ay ərzində bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin səlahiyyətləri və vəzifələri haqqında bir neçə qanunlar qəbul olunubdur. Beləliklə, bələdiyyə seçkilərini keçirmək üçün lazımi işlər görülübdür". Ulu öndər bildirmişdir ki, 1995-ci ildə tam demokratik prinsiplər əsasında parlament seçkiləri, 1998-ci ildə isə prezident seçkiləri keçirilib. Ancaq kütləvi təşkilatların yaranması üçün keçirilən bələdiyyə seçkiləri o seçkilərdən fərqlənir. Vətəndaşların fəallığı, qeydə alınmış namizədlərin və bələdiyyələrin sayı onu göstərir ki, həqiqətən bələdiyyələr Azərbaycanın hər guşəsini əhatə edən yerli özünüidarəetmə orqanları kimi kütləvi xarakter daşıyır. Beləliklə, seçkilər də əvvəlki seçkilərə nisbətən daha kütləvidir.

Onu da qeyd edək ki, yerli özünüidarəetmə orqanlarının yaradılması ölkədə demokratik dövlətçiliyin inkişafı, iqtisadiyyatın və sosial rifahın yüksəldilməsi, dayanıqlı ictimai-siyasi mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Başqa cür desək, yerli özünüidarəetmə orqanlarının inkişafı ölkədə demokratiyanın inkişafının əsas şərtlərindən biri olub, vətəndaşların dövlət idarəetməsində daha geniş iştirakı üçün imkanların artırılması deməkdir. Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyəti ilkin olaraq 12 noyabr 1995-ci il tarixində qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası ilə qanuniləşdirilmişdir. 1999-cu ilin dekabrında isə ilk bələdiyyə seçkiləri ilə bu institut formalaşmağa başlamışdır. 25 dekabr 2001-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunan Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası ölkəmizdə yerli özünüidarəetmə orqanlarının təsisi üçün baza prinsiplərini təqdim etmişdir. Bundan sonra bələdiyyələrə seçkilər, onların fəaliyyətinin təşkili, hüququ və vəzifələri, gəlir mənbələri və s. məsələləri nizamlayan qanunvericilik bazası daha da genişləndirilmiş, o cümlədən "Bələdiyyələrin nümunəvi nizamnaməsi", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyələrin mülkiyyətinə əmlakın verilməsi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Yerli vergi və ödənişlər haqqında" və s. qanunlar qəbul edilmiş, xüsusilə də Milli Məclisin tərkibində yerli özünüidarəetmə və regional məsələlər üzrə daimi komissiya yaradılmışdır.

Çıxışlarının birində ümummilli lider belə bir məqama da toxunmuşdur ki, biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanların yaranmasının göstəricisidir. Yerli özünüidarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, bununla da dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz, dövlətimiz və hər bir vətəndaş üçün çox vacibdir. Göründüyü kimi, ümummilli lider tərəfindən yerli özünüidaretmə orqanlarının yaradılması həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından da zəruridir. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarəetmə orqanlarını elə təşkil etmək tələb olunurdu ki, insanlar öz fəaliyyətində onun varlığını və zəruriliyini hiss etsin.

Məhz ümummilli liderin tövsiyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr bu illər ərzində yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etmişdir. Ulu öndər Heydər Əliyevin yerli demokratiyanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşdirilmişdir. Ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, o cümlədən bələdiyyə institutunun inkişafına geniş imkanlar yaratmışdır. Yerli demokratiyanın inkişaf etdirilməsinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olması bu sahədə yeni-yeni uğurlar əldə olunmasına böyük zəmin yaradır. Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarəetmə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə maraq və inamın artması seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir. Ulu öndərin bizə miras qoyduğu dövlətçilik prinsipləri bu gün də yaşayır. Bu prinsiplər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə, xalqın Heydər Əliyev irsinə sonsuz sədaqətində, sarsılmaz xalq-iqtidar birliyində təzahür edir.

Mustafa KAMAL,

"Respublika".