Yetirmələrimlə qürur duyuram
Elm və təhsil

Yetirmələrimlə qürur duyuram

Müəllim olmağımla özümü xoşbəxt sayır və qürur duyuram. Çünki mən şagirdləri çox sevirəm. Bu il liseyimizdən məzun olan 21 şagirdimizdən 20-si ölkənin ən nüfuzlu ali məktəblərində dövlət sifarişli  təhsil almaq hüququnu qazanmışdır.

Şagirdimiz  Aytac Əliyeva liseyi biologiya fənni üzrə 2 gümüş, 1 bürünc  medal və təhsildə nailiyyətlərinə görə qızıl döş nişanı ilə bitirmişdir. İki şagirdimiz 600-dən, 6 şagirdimiz isə 500-dən yuxarı bal toplamışdır. Bundan əlavə, şagirdlərimiz müxtəlif fənlər üzrə RFO-dan 17 medal, RFM-dən 8 medal, Beynəlxalq Sinqapur, SASMO, STEM  olimpiadalarından qızıl, gümüş, bürünc medal, "Sabahın alimləri"layihəsindən beynəlxalq sertifikat, eyni zamanda respublikadaxili müxtəlif yarış  və müsabiqələrdə bir çox nailiyyətlər əldə etmişlər. Şagirdlərimizdən  Dəniz və Ayxan Məmmədzadələr  Almaniyada keçirilən  STEM olimpiadasının GRAND  finalında canlı olaraq iştirak etmiş, qızıl və gümüş  medalla geri dönmüşlər. Bu uğurların qazanılmasında mənim də kiçicik  payım var. Və mən buna çox sevinirəm. Belə ki, 3 il ərzində RFO üzrə 10 şagirdim, müxtəlif illərdə RFM üzrə 6 şagirdim biologiya fənni üzrə qızıl, gümüş, bürünc medal qazanmışdır. Təbii ki, biz müəllimlərə stimul verən Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, ölkə başçısının tapşırığı ilə nazirlik tərəfindən həyata keçirilən islahatlar, müəllimlərin sosial rifahının yüksəldilməsinə yönələn qərarlardır. Şübhəsiz ki,  belə islahatlar təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini bariz şəkildə göstərməkdədir. Bir müəllim olaraq yetirmələrimizin uğurları ilə qürur duyur və fəxr edirik.

Mən universiteti bitirib müəllim kimi fəaliyyətə başladığım ilk günləri xatırlayıram. O vaxt şagirdlərlə elə də yaş fərqimiz yox idi. Və onlar məni bir müəllim kimi yoxlamaq qərarına gəldikləri üçün çox qəribə, elmi və maraqlı suallar verirdilər. Mən bütün sualları cavablandırdım. Birdən sinfə sükut çökdü.  Uşaqlar bir-birinə baxırdılar. Deyəsən, onları qane etmişdim. Həmin gündən anladım ki, müəllim şagirdləri öz biliyi və cavabları ilə ələ almağı bacarmalıdır. Bunu əlimdə bayraq tutaraq illərlə çalışdım. Həm öz üzərimdə işlədim, həm də şagirdlərimi işlətdim. Onu qeyd edim ki, heç bir şagird istedadsız deyil, hər bir uşaqda hansısa bir sahədə istedad vardır. Biz müəllimlər onu aşkar etməli, şagirdə doğru yol göstərməliyik.

Respublika Prezidenti İlham Əliyevin 4 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" adına layiq görülən müəllimlər arasında mənim də adımın olmasını böyük qürur hissilə qarşıladım və zəhmətimin bəhrəsinə verilən ən yüksək qiymət kimi dəyərləndirdim.

Ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Çalışırıq ki, şagirdlərimiz millətimizə, dövlətimizə layiqli vətəndaş kimi yetişsin. 

Şəlalə ƏKBƏRLİ,

Şəki Şəhər Kimya-Biologiya Təmayüllü Respublika

Liseyinin müəllimi,

Əməkdar müəllim.