Yevgeni Mixaylov: Avropa İttifaqının Ermənistanda “mülki
MÜSAHİBƏLƏR

Yevgeni Mixaylov: Avropa İttifaqının Ermənistanda “mülki" missiyası yalnız NATO-nun maraqları naminə kəşfiyyatla məşğul olacaq

İrəvanın xahişi ilə Fransa jandarmlarının regiona gəlişinin gözlənilməsi mütləq mənada fitnəkarlıqdır. Mənim fikrimcə, onlar hamısı yalnız NATO-nun maraqları naminə, Rusiya və Azərbaycanın maraqlarına zidd kəşfiyyatla məşğul olacaqlar. Mən əsla şübhə etmirəm ki, İrəvan çox böyük səhvə yol verib.

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis, təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Ermənistan-Azərbaycan sərhədinə Aİ missiyasının tərkibində 8 fransız jandarmının göndərilməsi barədə xəbərləri şərh edərək söyləyib.

Avropa Parlamentinin Fransadan olan deputatı, Fransanın Avropa məsələləri üzrə sabiq naziri Natali Luazo Ermənistan kütləvi informasiya vasitələrinə müsahibəsində Avropa İttifaqının Ermənistana daha geniş tərkibli missiya göndərmək qərarını tamamilə dəstəklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 20-dən işə başlayacaq həmin missiya "ərazidə yeni hücumlardan çəkindirən gözlər və qulaqlar" olacaq. Deputat vurğulayıb ki, həmin missiyanın tərkibinə Fransadan 8 jandarm daxil olacaq.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da bu xəbərə münasibət bildirib. Səfir deyib ki, Aİ-nin Ermənistana göndərəcəyi missiya sadə müşahidə missiyasından hərbi iştiraka çevrilə bilər.

Y.Mixaylovun sözlərinə görə, RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu günlərdə heç də təsadüfən eyhamla bildirməyib ki, Qarabağ probleminin həllinə Aİ-ni cəlb etməyə çalışanlar dövlət subyektliyini itirə bilərlər. Agentliyin müsahibi vurğulayıb: "Maraqlıdır, İrəvan heç də kiçik statusa malik olmayan rusiyalı siyasətçinin birbaşa eyhamını başa düşə biləcəkmi? Mənim fikrimcə, Ermənistanda ya Rusiya-Ermənistan münasibətlərinin nə qədər mürəkkəbləşdiyini hələ anlamırlar, ya da Qərbə tərəf qəti seçim ediblər. Əgər belədirsə, qoy onlar öz milli təhlükəsizlik maraqlarının qarantının sonrakı fəal hərəkətlərindən inciməsinlər, çünki hələlik Moskvanın müttəfiqi, əslində isə onun qatı düşməni Rusiyanın cənub sərhədlərində sabitliyi pozmamalıdır".

Ekspertin fikrincə, indiki zaman kəsiyində qətiyyətlə demək olar ki, Avropa İttifaqının himayəsi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair danışıqlar düyünə düşüb.

Rusiyalı politoloq əmindir: "Baş verən hadisələri başqa cür şərh etmək olmaz. İrəvan 2020-ci ilin noyabrında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə tam imtina edir. O vaxt baş nazir Nikol Paşinyan tamamilə darmadağın edilməkdən qorxaraq Rusiyanın zəmanəti ilə barışıq sənədini imzaladı. Amma sonra nə oldu: Moskva son 2 ildə bu tərəfdaşının yalançılığını heyrətlə müşahidə edir. İrəvan sühməramlılarla bağlı fitnəkarlıqları davam etdirir, KTMT-ni bu münaqişəyə cəlb etmək üçün dəfələrlə cəhd göstərib və ən qəribəsi, Ermənistan-Azərbaycan sərhədində nəzarət məqsədilə Aİ missiyasını cəlb etməyə çalışır. Yeri gəlmişkən, bu sərhəd indiyə qədər tam demarkasiya edilməyib və beləliklə, Ermənistan tərəfindən yeni fitnəkarlıqlar üçün hər cür şərait yaradılıb. Aİ missiyasına ermənipərəst Fransa tərəfindən kuratorluq edilməsini, Fransanın dəfələrlə anti-Azərbaycan ritorikası nümayiş etdirməsini nəzərə alaraq, yüz faiz əminliklə deyə bilərik ki, provokasiyalar baş verəcəyi təqdirdə "missionerlər" Azərbaycanı təqsirkar hesab edəcəklər".