YEVLAX: “AĞ QIZIL”A MARAQ ARTIR
Region

YEVLAX: “AĞ QIZIL”A MARAQ ARTIR

Sahədə ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyi, qayğısı fəaliyyəti nəticəsində pambıqçılıq, eləcə də kənd təsərrüfatının bütün başqa sahələri uğurla inkişaf etmişdir.  XX əsrin II yarısında ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə pambıqçılıq--strateji əhəmiyyətli sahə kimi çox sürətlə inkişaf etmiş, illik pambıq istehsalı bir milyon tona çatdırılaraq, sovetlər dövrünün ali mükafatına --“Keçici Qırmızı Bayrağ”a layiq görülmüşdür.

Ümummilli lider bu sahənin son dərəcədə vacibliyini qeyd edərək demişdir ki, pambıqçılıq çox faydalı sahədir, bu sahə yaşamalı və inkişaf  etdirilməlidir. Məhz bu baxımdan o dövrdə  pambıqçılıq əhalinin əsas gəlir mənbəyinə çevrilmiş, maddi rifah halının yüksəlməsinə önəm vermişdir. Yevlax zəngin ənənəsi olan pambıqçılıq rayonlarındandır. Ulu öndər Heydər Əliyev prespublika KP MK-nın birinci katibi seçildikdən sonra Azərbaycanda, o cümlədən Yevlax rayonunda  pambıq bitkisinin  məhsuldarlığı artaraq, 30 sentnerə yaxınlaşmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikalar alınmış və Dövlət Proqramı qəbul olunmuşdur. Cari ildə Yevlaxda 2327 hektar sahədə pambıq əkini həyata keçirilmiş, su ilə tam təmin olunmuşdur. Əkilən sahələrə düzgün aqrotexniki qulluğun tətbiq edilməsi nəticəsində hazırda üçüncü becərmə mərhələsi çərçivəsində sahələrə ziyanvericilərə qarşı kimyəvi mübarizə həyata keçirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev pambıq sahələrində olaraq, sonrakı mərhələlərdə  pambığın becərilməsinin  aqrotexniki qaydalara uyğun aparılması, əkin sahələrinin vaxtında suvarılmasının təmin edilməsi ilə bağlı fermerlərə müvafiq tapşırıq və tövsiyələrini  verir. Fermerlər onlara yaradılan bu münbit  şəraitə və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildirərək, məhsuldarlığın bu il daha  yüksək olacağını əminliklə bəyan edirlər.

Zabit XƏLİLOV,

“Respublika”.